...

Azərbaycan hökuməti nazirliklərə 2010 - cu il büdcəsinin hazırlanması barədə tapşırıq verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2009 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 yanvar/ Trend , müxbir N.İsmayılova/

Nazirlər Kabinetinin məlumatında bildrilir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti 2010 -cu il və növbəti üç il üçün dövlət büdcəsi layihələrinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin ölkə prezidentinə vaxtında təqdim edilməsi barədə sərəncam verib.

Azərbaycanın 2010-cu il və növbəti üç il üçün büdcə layihələri sentyabrın 15-dən gec olmamaqla, Nazirlər Kabinetinə təqdim edilməlidir.

Maliyyə Nazirliyi dövlət büdcəsi və icmal büdcəsi layihələrinin hazırlanması üçün gəlirlər və xərclər üzrə komissiyaların tərkibinə dair təkliflərini 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Dövlət Statistika Komitəsi cari il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək məqsədilə, 2008 - ci ilin ilkin statistik məlumatlarını İqtisadi İnkişaf və Maliyyə nazirliklərinə, həmçinin, növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət büdcəsi layihəsinin və toplu maliyyə balansının hazırlanması üçün zəruri statistik məlumatların İqtisadi İnkişaf, Maliyyə və Vergilər nazirliklərinə 2009-cu il fevralın 5-dək təqdim etməlidir.

Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və dövlət büdcəsinin gəlirlərini təmin edən digər orqanlar 2010-cu il büdcəsinin icrasının təmin edilməsi üçün qanunvericilik aktlarına əlavə və dəyişikliklər barədə təkliflərini 2009-cu il martın 1-dək Nazirlər Kabinetinə təqdim etməldir.

Dövlət Sosial Müdafiə Fondu və Dövlət Neft Fondu növbəti büdcə ili və gələn üç il üçün öz büdcə layihələrinin ilkin variantını martın 15-dək, dəqiqləşdirilmiş variantını iyulun 1-dək İqtisadi İnkişaf və Maliyyə nazirliklərinə təqdim etməlidir.

Maliyyə Nazirliyi tərəfindən 2010 - cu il və növbəti üç il üçün (gəlirlər, xərclər və defisit) dövlət büdcə layihələrinin ilkin variantları hazırlanmalı və aprelin 10-dək, dəqiqləşdirilmiş variant isə sentyabrın 5-dək İqtisadi İnkişaf Nazirliyinə təqdim olunmalıdır. İqtisadi İnkişaf Nazirliyi inkişaf konsepsiyası və proqnoz göstəricilərinin ilkin variantını martın 1-dək, avqustun 1-dək isə dəqiqləşdirilmiş variantını Maliyyə Nazirliyinə təqdim etməlidir.

Nəqliyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi isə, "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu"nun növbəti büdcə ili və gələn üç il üçün büdcə layihələrinin ilkin variantını 2009-cu il martın 15-dək, dəqiqləşdirilmiş variantını 2009-cu il iyulun 1-dək İqtisadi İnkişaf Nazirliyinə təqdim etməlidir.


Sərəncam yanvarın 30-dan qüvvəyə minib.

Xəbər lenti

Xəbər lenti