Azərbaycan, Bakı, 03 avqust / Trend , müxbir A.Hüseynbala /
Azərbaycanın Biləsuvar Gömrük İdarəsinin sərhəd sərnişin buraxılış məntəqəsində İran İslam Respublikası vətəndaşı Rahimpir Fərhəng Aşur oğlunun daxili orqanından polietilenə bükülərək rezin şarda qablaşdırılan, ümumi çəkisi 78 qram narkotik vasitə olan heroin və polietilenə bükülü 2 ədəd qəhvəyi rəngdə həb aşkar edilərək götürülüb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin sərhəd yük buraxılış məntəqəsində Naxçıvan Muxtar Respublikasına İran ərazisindən keçməklə Azərbaycana gələn Telman Murad oğlu Əliyevin idarə etdiyi "Kamaz-5410" markalı avtomobilin kabinəsindən ümumi çəkisi 2154,0 qram olan heroin və 4134,0 qram tiryək aşkar edilərək götürülüb.
Digər bir məlumata görə, Astara Gömrük İdarəsi gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycana gələn İran vətəndaşı Səadəti Abbas Rəcəbli oğlunun üzərində aparılan şəxsi yoxlama nəticəsində üstündən 3595 qram həsis aşkar olunaraq götürülüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]