Azərbaycan, Bakı, 13 avqust / Trend /
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti pərakəndə ticarət obyektlərindən daha təxminən 800 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsullarını müsadirə edib, bu barədə cümə axşamı nazirlikdən yayılan məlumatda deyilir. Satışdan götürülmüş məhsullar kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq qidaları və s. olub.
İstehlakçıların hüquqlarının pozulduğu bu hallar monitorinqlər zamanı Bakının Nəsimi, Nizami, Nərimanov, Xətai rayonlarında, eləcə də Gəncə, Sumqayıt və Xaçmazda aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş 1 hüquqi və 22 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində qanunvericiliyə uyğun olaraq inzibati cərimələr tətbiq olunub.
17 may 2009-cu il tarixindən "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 43 hüquqi şəxsə 165 min manat, 276 fiziki şəxsə 414,5 min manat cərimə tətbiq olunub.
Avqustun 13-nə olan rəsmi məzənnə 0,804 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]