Azərbaycan, Bakı, 07 yanvar / Trend , müxbir N.İsmayılova/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlakçı Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yanında taxıl bitkilərinin keyfiyyətinə nəzarət məqsədi ilə laboratoriya yaradılıb. Bu barədə nazirliyin cümə axşamı yayılmış məlumatında deyilir.
Laboratoriya Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində akkreditasiyadan keçmiş Siemens, Varian, Labart, Orka Food, Esco Biotech kimi dünya şöhrətli şirkətlərin istehsalı olan avadanlıqlarla təhciz olunub.
Laboratoriyada taxıl bitkilərinin radioloji, toksikoloji, bioloji və fiziki-kimyəvi göstəricilərinin müəyyən olunması üçün şərait yaradılıb. Laboratoriyada quraşdırılmış avadanlıqlar digər qida məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin qiymətləndirilməsinə də imkan verir.
2009-cu ildə Azərbaycan taxıl məhsullarının istehsalı üzrə rekord göstəriciyə nail olub, belə ki, qarğıdalı məhsulu da hesaba alınmaqla, taxıl məhsulları üç milyon ton təşkil edib. Azərbaycan Rusiya, Türkiyə və Qazaxıstandan da taxıl idxal edir. Azərbaycanın taxıla olan illik tələbatı üç milyon ton təşkil edir.