...

Bank Respublikada əhalinin əmanətlərinin sayı il ərzində 47,3 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2010 14:56 (UTC +04:00)
Aktivlərin azalması kreditləşmə və risklərin idarə edilməsi siyasətinin konservativliyi ilə əlaqədar bankın kredit portfelinin qalığının (196,6 mln. manat) azalması ilə bağlıdır.
Bank Respublikada əhalinin əmanətlərinin sayı il ərzində 47,3 faiz artıb

Azərbaycan, Bakı, 21 yanvar / Trend /

Aktivlərin azalması kreditləşmə və risklərin idarə edilməsi siyasətinin konservativliyi ilə əlaqədar bankın kredit portfelinin qalığının (196,6 mln. manat) azalması ilə bağlıdır. Bu barədə şirkətin məlumatında deyilir. Aktivlərin strukturunda bankın kredit portfelinin (196,6 mln. manat) payı 56,5% təşkil edir.

Yerinə yetirilən preventiv böhran əlehinə siyasət bankın depozit portfeli üzrə bazar payının nəinki sabit saxlanması, həmçinin onun artması ilə nəticələnib. 2009-cu ildə müştəri hesablarında olan vəsaitlər 19,5% artaraq 162,3 mln. manatı keçib. Həmçinin Bank Respublikada yerləşdirilən fiziki şəxslərin əmanətləri 41% artaraq 112 mln. manata çatıb. Bununla yanaşı, hesabat dövründə əhalinin əmanətləri 2009-cu ilin 1 yanvar tarixinə olan 64,2 mln. manatla müqayisədə 47,3% artaraq 94,5 mln. manat təşkil edib.

2009-cu ildə bank öz müştəriləri və beynəlxalq maliyyə təşkilatları qarşısındakı öhdəliklərinin yerinə yetirilməsini təmin etmək məqsədi ilə yüksək likvidliyin saxlanmasına böyük diqqət ayırıb.

İl ərzində Bank Respublika həmçinin öz kapital bazasını möhkəmlədib. Müşahidə Şurasının qərarı ilə bankın nizamnamə kapitalı 35,4% artaraq 1 yanvar 2010-cu il tarixinə 30,6 mln. manat təşkil edib. 2009-cu il ərzində bankın məcmu kapitalı 28,2%-lik artım nümayiş etdirərək 55,5 mln. manata çatıb.

Əsas fəaliyyətdən olan gəlirlərin stabil artımı hesabat dövründə bankın uğurlu işini əks etdirir. 2009-cu il üzrə fəaliyyətin nəticəsi olaraq Bank Respublikanın gəlirləri 54,9 mln. manat, xərcləri isə 46,9 mln. manat təşkil edib. Hesabat dövründə bankın balans mənfəəti 8 mln. manat təşkil edib.

Bank Respublika öz fəaliyyətinin effektivliyinin və müştəri xidməti səviyyəsinin artırılması üçün müvəffəqiyyətlə yeni texnologiyalar tətbiq etməkdədir. Hesabat ili ərzində beynəlxalq bank xidməti təcrübəsində geniş istifadə edilən FlexCube lisenziyalı proqram təminatına keçid işlərini yekunlaşdırılıb. Oracle Financial Services Software Limited korporasiyasının mütəxəssisləri tərəfindən hazırlanmış proqramın imkanları aparılan əməliyyatları sadələşdirərək müştərilərə daha sürətli xidmət göstərilməsinə şərait yaradır.

Bank Respublika ötən il ərzində Mingəçevir, Şəki, Zaqatala, İmişli, Cəlilabad və Masallı şəhərlərində 6 yeni regional filialını açıb. Yeni filiallar özəl sektorun inkişafına və ölkə regionlarında bank xidmətlərinin genişlənməsinə imkan verir.

2009-cu ilin əvvəlində Bank Respublika abonentlərə elektrik enerjisi, qaz və su xidmətlərindən istifadə haqlarının bir bankda ödənilməsinə şərait yaradan kommunal ödəniş sisteminə və həmçinin "Zolotaya Korona" təcili pulköçürmə sisteminə qoşulub. Köçürmələr üzrə aşağı komissiyalar, pulun alınması dövrünə qənaət və çoxsaylı məntəqələr bu sistemi hər bir kəs üçün əlverişli edir.

Bir çox banklar üçün beynəlxalq maliyyə bazarları qapalı olduğu şəraitdə Bank Respublika beynəlxalq maliyyə təşkilarları ilə özəl sektorun maliyyələşdirilməsi üçün kredit xətlərinin cəlb edilməsi üzrə əməkdaşlığı davam etdirib. 2009-cu ildə Bank Respublika üçün Beynəlxalq Maliyyə Korporasiyası (IFC) 20 mln. ABŞ dolları məbləğində kiçik və orta sahibkarlığın, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) isə 6 mln. ABŞ dolları məbləğində mikro və kiçik sahibkarlığın maliyyələşdirilməsi üçün kredit xətləri ayırıb.

Bu il Bank Respublika bütün müştərilər üçün faydalı olan yeni məhsul və xidmətlərin yaradılmasına və müştəri xidmətinin keyfiyyətinin artırılmasına diqqət yetirəcək.

Bank Respublika fəaliyyətə 1992-ci ildən başlayıb. Bankın səhmdarları sırasında səhmdar kapitalının "25% + 1 səhm" paketinə sahib olan Almaniyanın 2 nəhəng maliyyə təşkilatı - KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust təmsil olunur. Hazırda Bakı və regionlarda Bank Respublikanın 34 filial və şöbəsi fəaliyyətdədir.

Yanvarın 21-nə olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti