Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir N.İsmayılova/
2010-cu ilin birinci rübündə Azərbaycanda orta aylıq əməkhaqqının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 4,1 faiz artaraq 304 manat təşkil edib. Bu barədə bazar ertəsi Dövlət Statistika Komitəsindən bildirilib.
Ən yüksək əməkhaqqı hasilat sənayesində, maliyyə fəaliyyəti sahəsində, rabitə və informasiya, elm və texnika sahələrində, həmçinin inşaat sektorunda qeydə alınıb.
Hesabat dövründə müəssisə və təşkilat işçiləri 2,1 milyon manatlıq sosial yardım alıblar. Bunlar əsasən hasilat sənayesi işçiləri, elektrik, qaz və su istehsalı və paylanması müəssisələrinin işçiləri, emal sənayesi işçiləri, rabitə və nəqliyyat sahəsində çalışan işçilərdir.
Hesabat dövründə orta əməkhaqqı ay ərzində adambaşına düşən orta gəlirdən 56,4 faiz çox olub. Adambaşına düşən aylıq gəlir 194,4 manat təşkil edib.
Yanvar-martda adambaşına düşən nominal gəlir 583,1 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz çoxdur. Adambaşına düşən real pul gəlirləri 6,2 faiz artaraq 524,2 manat təşkil edib.
Birinci rübdə əhalinin nominal pul gəlirləri 5183,8 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 6,5 faiz çoxdur. Həmin müddətdə əhalinin real pul gəlirləri 7,5 faiz artaraq 4660,1 milyon manat təşkil edib.
Hesabat dövründə əhali şəxsi gəlirlərindən 74,1 faizini malların alınmasına və xidmətlərə, 10,1 faizini sosial sığortaya, vergilərin və icbari üzvlük haqlarının ödənilməsinə, 14 faizini isə kapitalın yığılmasına və artırılmasına yönəldib.
Aprelin 19-na olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.