Azərbaycan, Bakı, 10 dekabr /Trend/
KOICA-nın (Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi) Azərbaycanda Məzunlar Assosiasiyası - KOAZ bu həftə birinci iclasını keçirib. Bu barədə KOICA-nın Bakı ofisinin cümə günü yayılan məlumatında deyilir. Dekabrın 9-da "Landmark" hotelində keçirilən iclasda Azərbaycanın hökumət qulluqçuları və tələbələri, Koreya iş adamları, eləcə də Koreyanın Azərbaycandakı birliyinin şəxsi heyətindən 130-a yaxın stajor iştirak edib.
KOICA-nın Azərbaycandakı rezident-nümayəndəsi Yonq-vu Kim agentliyin respublikadakı proqramlarını təqdim edib. 2009-cu ildə Seul Milli Universitetinin məzunu olmuş Fərrux Cumayev KOAZ-ın məqsədləri və gələcək planları barədə danışıb.
KOAZ Koreya və Azərbaycan arasında münasibətlərin olması və KOICA-nın treninqlərindən əldə edilən biliklərdən istifadə etmək yolu ilə Azərbaycanın sosial və iqtisadi inkişafına kömək üçün yaradılıb.
Gözlənilir ki, KOAZ Koreya və Azərbaycan arasında münasibətlərdə, ümumilikdə Azərbaycanın inkişafında vasitəçi kimi əsas rol oynayacaq.