Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir N.İsmayılova/
Çərşənbə axşamı Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə Xızı və ətraf rayonların 12 sahibkarına 165 min manat məbləğində güzəştli kredit verilib. Bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Bu kreditlər hesabına 30-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Tədbir çərçivəsində iştirakçılar illik istehsal gücü 11 milyon ədəd damazlıq yumurta olan "Şurabad Broyler" ASC və illik istehsal gücü 12 milyon ədəd damazlıq yumurta və 2,5 min ton quş əti olan "Şurabad Quşçuluq" MMC ilə tanış olublar.
Çərşənbə axşamı SKMF Xızı və ətraf rayonlarda fəaliyyət göstərən 60-a yaxın sahibkarın iştirakı ilə növbəti tədbir keçirib.
Həmçinin, "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərinin verilməsi mexanizmi ilə bağlı sahibkarlar üçün treninq keçirilib.
Ümumilikdə Fond 2010-cu ilin ötən dövründə 1399 sahibkara 133,2 milyon manat məbləğində güzəştli kreditlər verib. Verilmiş kreditlərin 99,8 faizi regionların payına düşür. Bu kreditlər hesabına 5500-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.