...

Azərbaycan Mərkəzi Bankı 2011-ci il üçün pul siyasətinin əsas istiqamətlərini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2010 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir N.İsmayılova/

Qlobal böhranın mənfi təsirlərinin artıq neytrallaşdığını nəzərə alaraq, növbəti ildə Mərkəzi Bank öz mandatına uyğun olaraq, pul siyasətini makroiqtisadi sabitliyin təmin olunmasına yönəldəcək. Bu barədə bankın 2011-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə dair bəyanatında deyilir.

"Makroiqtisadi proqnozları, o cümlədən xarici iqtisadi amilləri və neft gəlirlərinin artmasını nəzərə alaraq, Mərkəzi Bank 2011-ci ildə pul siyasəti üçün illik inflyasiyanın təkrəqəmli səviyyədə saxlanması və inflyasiyanın yüksək volatilliyinin qarşısının alınması məqsədlərini müəyyən edib", - bəyanatda deyilir.

Bu hədəfin həyata keçirilməsində digər iqtisadi qurumların da fəaliyyətinin koordinasiyası mühüm rol oynayacaq.

Bu hədəflərin realizasiyası üçün manatın məzənnəsinin valyuta təklifi və tələbi əsasında dəyişməsi vacib şərtlərdəndir, lakin maliyyə sabitliyi prioritetlərini də nəzərə alaraq məzənnənin kəskin volatilliyinə yol verilməyəcək.

Uzunmüddətli dövrdə Mərkəzi Bank inflyasiyanı daha effektiv təmin etmək üçün çevik məzənnə rejimlərinə keçid prosesini davam etdirəcək.

"Pul siyasətinin məqsədlərinin yerinə yetirilməsi məqsədilə Mərkəzi Bank bazar alətlərindən çevik rejimdə istifadə edəcək", - bəyanatda qeyd edilib.

Faiz dəhlizinin parametrləri, o cümlədən uçot dərəcəsi inflyasiya səviyyəsi, iqtisadi tsikl və maliyyə bazarlarındakı vəziyyətdən asılı olaraq tənzimlənəcək. Bank sisteminin likvidliyi əsasən qısamüddətli əməliyyatlar vasitəsilə idarə olunacaq. Nisbətən uzunmüddətli yenidən maliyyələşmə əməliyyatları isə yalnız xüsusi zərurət kəsb edən hallarda tətbiq olunacaq. Məcburi ehtiyat normalarının tətbiqi mexanizmi daha da təkmilləşdiriləcək, normanın səviyyəsi bank sektoruna "qaynar kapital" axınının miqyasından asılı olaraq müəyyən olunacaq. Pul siyasəti alətlərinin makroiqtisadi effektivliyini artırmaq üçün banklararası pul bazarında aktivliyin təşviqi davam edəcək.

Pul siyasətinin institusional bazasının inkişafı diqqətdə saxlanılacaq, iqtisadi diaqnostika, tədqiqat və proqnozlaşdırma bazası gücləndiriləcək.

"İqtisadi tsiklin izlənilməsi sisteminin tam formalaşması, bunun üçün makroiqtisadi və mikroiqtisadi statistikanın analitik dərinliyinin təmin olunması (aidiyyatı qurumlar ilə birlikdə), "tarazlı məzənnə"nin qiymətləndirilməsi, əmlak bazarında "köpüyün" ölçülməsi, inflyasiyanın proqnozlaşdırılmasında yeni modellərin tətbiqi işləri davam etdiriləcək", - AMB-nin məlumatında deyilir.

Müxtəlif iqtisadi şokların dinamik tədqiqi məqsədilə yerli xüsusiyyətlər, habelə postböhran dövrünün metodoloji çağırışları nəzərə alınmaqla ümumi tarazlıq modelinin nəzəri bazasında yeni makroekonomik modelin işlənməsi nəzərdə tutulur. Bu model Mərkəzi Banka pul siyasətinin müxtəlif rejimlərində simulyasiyalar aparmağa və daha keyfiyyətli proqnozlaşdırmaya imkan verəcək.

Xəbər lenti

Xəbər lenti