...

Azərbaycanın turizm şirkətləri Misirə turların satışını dayandırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2011 12:31 (UTC +04:00)
Azərbaycanın turizm şirkətləri son günlər Misirdə davam edən iğtişaşlar səbəbindən bu ölkəyə tur satışını dayandırıblar.
Azərbaycanın turizm şirkətləri Misirə turların satışını dayandırıb

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın turizm şirkətləri son günlər Misirdə davam edən iğtişaşlar səbəbindən bu ölkəyə turların satışını dayandırıblar.

Sorğu aparılan "Dervish Travel", "Elite Travel", "Euroturizm Travel", "Improtex Travel" şirkətləri bəyan ediblər ki, turistlərə Misirə səfər etmək üçün putyovkalar verilmir.

"Şirkətlər Azərbaycan vətəndaşlarını təhlükəyə məruz qoymamaq üçün bu ölkəyə turlar təşkil etməyəcəklər", - rəyi soruşulan şirkətlər bildiriblər.

Bu turizm operatorları hər il Novruz bayramında həyata keçirilən çarter reyslərinin təşkilinin mümkünlüyünü də nəzərdən keçirmirlər.

"Azərbaycanlı turistlər adətən məhz mart bayramında Misirə səyahət edirlər. Çünki çarter reysləri ilə əlaqədar turlar ucuz başa gəlir. İlin qalan aylarında səyahətlər üç marşrut dəyişdirildiyindən xeyli baha başa gəlir", - turizm şirkətlərindən bildiriblər.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi son günlər Misirdə baş verən iğtişaşlarla əlaqədar yerli turizm şirkətlərinə bu ölkəyə turizm səyahətləri təşkil etməməyi məsləhət görüb. Nazirlik yerli turizm şirkətlərinə turistlərin Misirə həm fərdi, həm də qrup halında göndərilməsini müvəqqəti dayandırmağı tövsiyə edib. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, hazırda ölkədə 207 turizm şirkəti fəaliyyət göstərir.

Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov bazar günü Trend-ə bildirib ki, hazırda Misirdə Azərbaycandan gedən turist yoxdur.

"Assosiasiya turizm şirkətləri arasında sorğu keçirib, nəticədə aydın olub ki, hazırda Misirdə azərbaycanlı turist yoxdur", - Bağırov bildirib.

Misirdən təxliyə edilən Azərbaycan vətəndaşlarını daşıyan təyyarə bazar ertəsi səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq hava limanına gəlib. Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətindən bildiriblər.

AZAL-ın təyyarəsi Qahirədən altmış nəfərə yaxın Azərbaycan vətəndaşını və Azərbaycanın Misirdəki səfirliyinin həlak olmuş əməkdaşı Nicat Qocayevin cənazəsini gətirib. Daha əvvəl AZAL-dan bildirilmişdi ki, təyyarə bazar günü saat 13:55-də Bakıdan yola düşüb.

Səfirlikdən alınan məlumata əsasən, təxliyə edilənlər Azərbaycanın Qahirədəki səfirliyinin əməkdaşları, onların ailə üzvləri, Misirdə təhsil alan tələbələr və bu ölkədə yaşayan və işləyən Azərbaycan vətandaşlarıdır.

Azərbaycan Prezidenti İlham Əliyev Misirdə müvəqqəti yaşayan Azərbaycan vətəndaşları və təhsil alan tələbələrin evakuasiya olunmasına dair səlahiyyətli qurumlara göstəriş verib, XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirib.

Azərbaycan səfirliyinin əməkdaşı şənbə günü Misirdə baş verən kütləvi iğtişaşlar nəticəsində həlak olub.

Misirdə iqtisadi və siyasi islahatların keçirilməsinin, həmçinin ölkəni 30 ildir idarə edən 82 yaşlı prezident Hüsni Mübarəkin istefasının tələb edildiyi nümayişlər yanvarın 25-də başlayıb. Cümə günü kütləvi etiraz aksiyaları Misirin Qahirə və digər şəhərlərində davam etdirilib. Xarici KİV-lərin məlumatına əsasən, 150 nəfər iğtişaşların qurbanı olub, 4 mindən çox yaralanıb.

Xəbər lenti

Xəbər lenti