...

Azərbaycan bankı "Kapital Bank"da korrupsiyaya qarşı mübarizəyə dair iclas keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2011 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral /Trend/

2011-ci il fevralın 10-da "Kapital Bank"ın baş ofisində korrupsiyaya qarşı mübarizə ilə bağlı iclas keçirilib. Bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

İclasda çıxış edən "Kapital Bank" ASC idarə heyətinin sədri Elmar Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə yanvarın 27-də Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasının keçirildiyini xatırladıb, ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyini diqqətə çatdırıb.

İdarə heyətinin sədri bildirib ki, Azərbaycanın aparıcı banklarından biri kimi "Kapital Bank"da hər hansı neqativ hallara qarşı mübarizə məsələləri daim diqqət mərkəzindədir. Bankın yüksək imicinin, işgüzar nüfuzunun qorunub saxlanmasına, bankla müştərilər arasında qarşılıqlı etimad mühitinin təmin olunmasına yönələn tədbirlər müntəzəm olaraq davam etdirilir, bankın fəaliyyəti ilə bağlı daxil olan vətəndaş müraciətlərinin dərhal araşdırılması təmin edilir. İşində nöqsanlara yol verən bank əməkdaşlarına qarşı müvafiq intizam tənbeh tədbirləri görülür.

Qeyd edilib ki, "Kapital Bank"ın idarəetmə strukturunun təkmilləşdirilməsi, kadrların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə aparılan islahatlar da davam etdirilir. İdarə heyətinin sədri fəaliyyətində daim şəffaflıq prinsiplərinə əsaslanan "Kapital Bank"ın bundan sonra da öz prinsiplərinə sadiq qalacağını qeyd edib, qarşıda duran vəzifələrdən söhbət açıb.

Xəbər lenti

Xəbər lenti