...

İstehsalatda əmək qabiliyyətinin itirilməsinin icbari sığortası Azərbaycan əhalisinin sosial hüquqlarının qorunmasına xidmət edir - bazar iştirakçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2011 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanda "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanun həm işəgötürənlərin, həm də işçilərin maraqlarına xidmət edir. Bu barədə Trend-ə çərşənbə axşamı Azərbaycanın həyat sığortası şirkəti "Qala Həyat"ın idarə heyətinin sədri Çingiz Mehdiyev deyib.

Onun Sözlərinə görə, 2010-cu ilin iyulunda qanun qəbul edilənədək işçi istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirirdisə, işəgötürən ona bu ziyanı öz hesabına ödəməli idi.

"Bu qanun qəbul edildikdən sonra işəgötürən təzminatın ödənilməsindən azad edilir. Belə ki, icbari sığorta haqqında imzalanan müqavilə əsasında şəxs sığorta ödənişini sığorta şirkətindən alır", - Mehdiyev qeyd edib.

Onun sözlərinə görə, dünyanın bütün inkişaf etmiş ölkələrində həyat sığortası əhalinin işləyən təbəqəsinin mühüm sosial hüquqlarından biri hesab edilir.

"İqtisadi göstəricilərə görə, yüksək templərlə inkişaf edən və iri regional layihələrdə iştirak edən Azərbaycan əhalinin əsas sosial hüquqlarının qorunmasına böyük diqqət yetirir. Məhz bu məqsədlə "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanun hazırlanıb", - Mehdiyev vurğulayıb.

Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilovun dediyinə görə, Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın əhatəsi ilin sonunadək 80 faiz təşkil edəcək.

Bu gün Azərbaycanda həyat sığortası üzrə cəmi üç - Atəşgah Həyat, Qala Həyat və PAŞA Həyat şirkətləri fəaliyyət göstərir. Maliyyə Nazirliyinin məlumatına görə, martın 1-də istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə yığımlar 1,957 milyon manat təşkil edib.

Hazırda Dövlət Sığorta Nəzarəti Xidməti həyat sığortası şirkətinin yaradılması üzrə bir neçə təklifi nəzərdən keçirir.

Aprelin 5-nə olan rəsmi məzənnə 0,7926 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti