Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir E.İsmayılov/
Azərbaycanın "Silk Way" aviaşirkəti Kabil və Baqram aeroportları istisna olmaqla, Əfqanıstana yüklərin daşınmasını davam etdirir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda mətbuat konfransında qəzanın araşdırılması üzrə komissiyanın rəhbəri, "Azərbaycan Hava Yolları" QSC-nin baş direktorunun müavini İlham Əmirov bildirib.
İyulun 6-na keçən gecə "Silk Way" aviaşirkətinin İL-76 təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır, eləcə də həlak olanların meyitlərinin çıxarılması ilə bağlı cəhdlər davam etdirilir. Bu cəhdlər Əfqanıstandakı mürəkkəb şərait üzündən hələlik heç bir nəticə vermir. Eləcə də içərisində komissiya üzvlərinin olduğu vertolyotlar qəza yerinə yaxınlaşmağa cəhd edərkən yerdən onlara atəş açılıb. Habelə aviaqəzanın prioritet versiyalarından biri kimi təyyarənin vurulması da nəzərdən keçirilir.
İyulun 7-nə keçən gecə Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin 9 ekipaj üzvündən 5-i Azərbaycan, digərləri isə Özbəkistan vətəndaşları olublar. Bütün ekipaj üzvləri həlak olub.
Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev Beynəlxalq Hava Limanından qəbul etdiyi 18 ton yük olub.
Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə istehsal edilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.
Azərbaycan artıq Əfqanıstan XİN-ə bu ölkənin ərazisində qəzaya uğrayan Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitlərinin gətirilməsinə yardım etmək xahişi ilə iki nota təqdim edib.
Kabildə olan komissiya üzvləri qəza yerindəki mürəkkəb vəziyyətlə əlaqədar indiyədək təyyarənin düşdüyü yerə çata bilməyiblər.
"Əfqanıstanda Azərbaycan təyyarəsinin "Taliban" tərəfindən vurulması əsas versiyalardan biridir", - komissiyanın rəhbəri, "Azərbaycan Hava Yolları" QSC-nin baş direktor müavini İlham Əmirov bundan əvvəlki mətbuat konfransında deyib.