Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir A.Axundov/
Avqust ayında Bakıda torpağın bir sotunun orta qiyməti 0,4% ucuzlaşaraq 13 892 dollardan 13 836 dollara düşüb. Bu barədə bazar ertəsi Trend-ə "Əmlak Bazarı İştirakçları" İctimai Birliyindən məlumat verilib.
Məlumata görə, Bakının torpaq bazarında qiymətlərin enməsinə əsas səbəb tələbatın kəskin azalmasıdır.
Məlumatda deyilir ki, qiymət artımı şəhərin heç bir rayonunda müşahidə olunmayıb. Cüzi qiymət artımı şəhərin Xəzər və Sabunçu rayonlarında (müvafiq olaraq 0,1% və 0,2%) qeydə alınıb.
Torpaq bazarında ən aktiv rayonlar Binəqədi və Xətai, ən passivi isə Nəsimi rayonu olub.
Məlumata əsasən, avqust ayında ən bahalı torpaq sahəsi bazara Nəsimi rayonundan 1 sotu 250 min dollara ("Təzə Bazar" ərazisində), ən ucuz torpaq sahəsi isə Abşeron rayonunda (Pirəküşkül qəsəbəsi) 1 sotu 350 dollara təqdim olunub.
Avqust ayında torpaq bazarında 777,5 hektar torpaq satışa çıxarılıb ki, onun da 78,6%-i boş torpaq sahələri, qalanları isə qeyri-yaşayış və köhnə yaşayış yerləri olub.
Əvvəlki ayla müqayisədə torpağın ekspozisiya müddəti 0,7% artıb.
İyul ayı ilə müqayisədə ayqust ayı ərzində alqı-satqı razılaşmalarının sayında azalma müşahidə olunub.