Azərbaycan, Bakı, 19 oktyabr /Trend/
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Milli Metrologiya Mərkəzi (MMM) ilə Almaniyanın Fiziki-Texniki İnstitutu (PTB) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədə əsasən, tərəflər milli etalonların ikitərəfli tutuşdurulmasını həyata keçirəcəklər.
Dövlət Komitəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu məqsədlə Azərbaycan Respublikasında və Almaniya Federativ Respublikasında mövcud olan dövlət etalonlarının ölçmələri müqayisə olunacaq. Nəticədə Azərbaycan Milli Etalon Mərkəzində saxlanılan etalonların dəqiqliyi və göstərdiyi nəticələrin qəbul olunmuş beynəlxalq nəticələrlə bərabərliyi təmin olunacaq.
Bundan başqa, memoranduma əsasən hər iki qurum metrologiya sahəsində elmi-texniki əməkdaşlıq edəcək, elmi və texniki informasiyaların qarşılıqlı mübadiləsini, həmçinin PTB və MMM-in əməkdaşları arasında təcrübə mübadiləsi aparacaqlar.
Fiziki və Texniki Federal İnstitut (PTB) Almaniyanın Braunşvayq və Berlin şəhərlərində yerləşir. Metrologiya üzrə dünyanın ən qabaqcıl institutlarından olan PTB Almaniyanın fiziki-texniki təhlükəsizlik və metrologiya üzrə başlıca texniki idarəetmə və dövlət mühəndis tədqiqatı institutudur.
Analoji əməkdaşlıq anlaşması 2010-cu ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Milli Metrologiya Mərkəzi ilə Qazaxıstanın Metrologiya İnstitutu (KazinMetr) arasında da imzalanıb.