...

Azərbaycanın bank olmayan kredit təşkilatı "Aqrarkredit"in gəliri 600 min manatı ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2011 16:48 (UTC +04:00)
Doqquz ayın yekunu üzrə Azərbaycanın bank olmayan kredit təşkilatı (BOKT) "Aqrarkredit"in gəliri 604,1 min manat təşkil edib.
Azərbaycanın bank olmayan kredit təşkilatı "Aqrarkredit"in gəliri 600 min manatı ötüb

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir A.Axundov/

Doqquz ayın yekunu üzrə Azərbaycanın bank olmayan kredit təşkilatı (BOKT) "Aqrarkredit"in gəliri 604,1 min manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı BOKT-un rəsmi mətbuatda dərc edilən məlumatında deyilir.

Oktyabrın 1-nə olan məlumata görə, BOKT-un aktivləri 26,2 milyon manat, kredit portfeli 17,1 milyon manat, məcmu kapitalı isə 19,9 milyon manat təşkil edib.

"Aqrarkredit" öz kreditləri hesabına kənd yerlərində 704 sahibkara 4,7 milyon manat məbləğində kredit verib. Eləcə də heyvandarlığın inkişafına 2,34 milyon manat, bitkiçiliyə 393,6 min manat, ticarət və xidmət sahəsinə 1,9 milyon manat, digər sahələrə 52 min manat yönəldilib. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən 118 kredit üçün 1,5 milyon manat ayrılıb.

Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (IFAD) dəstəyi ilə həyata keçirilən ölkənin şimal-qərb regionlarının inkişafı layihəsi çərçivəsində bu ilin birinci rübündə "Aqrarkredit" 470 kredit üçün 1,24 milyon manat ayırıb. IFAD-ın Azərbaycanda digər layihəsi olan ölkənin şimal-şərq regionlarının inkişafı layihəsi çərçivəsində 229,6 min manat məbləğində 79 kredit verilib.

"Aqrarkredit"in əsas səhmdarı 99,9 faiz səhmə malik olan Azərbaycan Maliyyə Nazirliyidir. Qalan hissə isə bərabər olaraq "Azərsığorta" dövlət sığorta şirkəti ilə "Meliorasiya və Su Təsərrüfatı" ASC arasında bölüşdürülüb. 2011-ci il yanvarın 1-nə olan vəziyyətə görə, "Aqrarkredit"in nizamnamə kapitalı 18,5 milyon manat təşkil edib.

Noyabrın 15-nə olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti