...

Azərbaycanda ilk dəfə olaraq mədəni irs obyekti sığortalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2011 14:23 (UTC +04:00)
Azərbaycanın Atəşgah sığorta şirkətləri qrupu ilk dəfə olaraq mədəni irs obyektini - "Atəşgah" od məbədini sığortalayıb.
Azərbaycanda ilk dəfə olaraq mədəni irs obyekti sığortalanıb

Azərbaycan, Bakı, 23 noyabr / Trend, müxbir N.İsmayılova /

Azərbaycanın Atəşgah sığorta şirkətləri qrupu ilk dəfə olaraq mədəni irs obyektini - "Atəşgah" od məbədini sığortalayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçirilən mətbuat konfransında sığorta qrupuna daxil olan "Atəşgah Həyat" ASC-nin idarə heyəti sədrinin müavini Əkbər Mədətli deyib.

"Atəşgah" məbədi qrupun özünün 3 milyon dollar vəsaiti hesabına sığortalanıb. Müqaviləni əldə edən Mədəniyyət və Turizm Nazirliyidir. Müqavilə çərçivəsində risklər "Atəşgah Həyat"ın obliqator proqramı üzrə "Hannover Re" alman şirkəti tərəfindən avropa bazarında təkrar sığorta edilib", - Mədətli deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanda mədəni-tarixi abidənin sığortalanması ilə bağlı ilk hadisədir.

"Şirkət mədəni irsin sığortalanmasında dünya təcrübəsini öyrənib və Mədəniyyət və Turizm Nazirliyi qarşısında təşəbbüslə çıxış edib, nazirlik bunu müsbət qiymətləndirib", - Mədətli deyib.

Tarixi abidə yanğından, ildırımdan, partlayışdan, təbiət kataklizmlərindən, üçüncü şəxs tərəfindən vurulan ziyandan, həmçinin əmlak sığortasının nəzərdə tutduğu bütün risklərdən sığortalanıb.

"Bu gün şirkət başqa mədəni-tarixi obyektlərin sığortalanması üzrə danışıqlar aparmır, lakin biz bunun gələcəkdə mümkünlüyünü istisna etmirik. Biz istəyirik ki, sığorta bazarının digər iştirakçıları da bu istiqamətdə təşəbbüs göstərsinlər. Çünki bu, dünya bazarlarında yetərincə tez-tez istifadə olunan praktikadır və o yerli sığorta bazarının genişlənməsinə kömək edir", - Mədətli qeyd edib.

Sığorta bir il üçün nəzərdə tutulub ki, bu da analoji praktikada istifadə olunan adi müddətdir. Bununla yanaşı, Mədətli müqavilənin fəaliyyət müddəti bitənədək onun müddətinin uzadılmasının mümkünlüyünü istisna etmir.

Onun sözlərinə görə, şirkət "Atəşgah" mədəni-tarixi abidəsinin sığorta obyekti seçilməsini sığorta qrupunun analoji ada malik olması ilə əlaqələndirib.

Mətbuat konfransında mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin dediyinə görə, bu, çox əhəmiyyətli hadisədir. Çünki "Atəşgah" məbədinə YUNESKO-nun mədəni irs siyahısına salınacaq namizəd kimi baxılmalıdır. Nazir müavini bildirib ki, onun sığortalanması abidənin bu siyahıya daxil edilməsi məsələsinin həllinə kömək edə bilər.

"Atəşgah" od məbədi Bakının mərkəzindən 30 kilometrlik məsafədə, Abşeron yarımadasındakı Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. Hazırkı "Atəşgah" XVII-XVIII əsrlərdə "əbədi", sönməyən odların yerində tikilib. O, Bakıda məskunlaşmış hindu icması tərəfindən tikilib, icma üzvlərinin əksəriyyəti Şimali Hindistandan köçüb gəlib və siqh kastasına aid olublar.

"Atəşgah Həyat" SŞ ölkədə 2008-ci ilin dekabrında yaradılan həyat sığortası şirkətidir.

Xəbər lenti

Xəbər lenti