Azərbaycan, Bakı, 5 dekabr /Trend/
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq malları satışdan çıxarılaraq məhv edilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi nazirliyin yaydığı məlumatda deyilir.
Bakının Xətai, Nizami, Nərimanov rayonlarnda, Gəncə şəhərində, eləcə də Saatlı rayonunda aparılan yoxlamalar zamanı ümumi çəkisi 250 kq-a yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.