...

Şahin Mustafayev: Ötən il regionların inkişafı üçün əsas kapitala 6 milyard manatdan çox vəsait yönəldilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2012 23:49 (UTC +04:00)
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının dinamik inkişafında müstəsna rol oynayıb, Trend-in məlumatıan görə, bunu iqtisadi inkişaf naziri Şahin Mustafayev Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı deyib.
Şahin Mustafayev: Ötən il regionların inkişafı üçün əsas kapitala 6 milyard manatdan çox vəsait yönəldilib

Azərbaycan, Bakı, 28 fevral / Trend /

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ölkə iqtisadiyyatının dinamik inkişafında müstəsna rol oynayıb, Trend-in məlumatıan görə, bunu iqtisadi inkişaf naziri Şahin Mustafayev Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı deyib.

"Azərbaycan Prezidenti proqramın icrasını və regionların inkişafını həmişə olduğu kimi diqqət mərkəzində saxlamış, 34 rayon və şəhərdə 300-ə yaxın müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olmuşdur" nazir əlavə edib.

Onun sözlərinə görə, yerlərdə ictimaiyyətin nümayəndələri ilə keçirilmiş görüşlərdə qaldırılmış məsələləri nəzərə alaraq, müvafiq rayonların inkişafı ilə bağlı tədbirlərə 140 milyon manat əlavə vəsaitin ayrılması barədə Azərbaycan Prezidenti 40 Sərəncam imzalamış, müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

"Ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində 2011-ci ildə 72 min 400-ü daimi olmaqla, 94 min yeni iş yeri və 5 mindən çox müəssisə açılmışdır. Ümumilikdə, 2009-cu ildən ötən müddət ərzində Dövlət Proqramının icrası nəticəsində ölkə üzrə 14,7 min müəssisə fəaliyyətə başlamış və 241 min yeni iş yeri yaradılmışdır ki, bunun 180 mini daimidir. Yoxsulluğun səviyyəsi 7,6 faizə enmişdir.
Möhtərəm cənab Prezident! Ötən il regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci ilinin yekunları ilə bağlı keçirilmiş konfransda Proqramın icrasına dair verdiyiniz tapşırıqlara uyğun olaraq zəruri tədbirlər görülmüşdür.

Regionların sosial-iqtisadi inkişafının infrastruktur təminatının gücləndirilməsi mühüm istiqamət kimi diqqət mərkəzində saxlanılmış, ötən il regionların inkişafı üçün əsas kapitala 6 milyard manatdan çox vəsait yönəldilmişdir" Mustafayev nitqində söyləyib.

Nazir qeyd edib ki, əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədi ilə 2011-ci ildə 310 transformator və 25 yarımstansiya quraşdırılıb istifadəyə verilmişdir.

"Hazırda ölkədə elektrik enerjisinin 70 faizindən çoxu regionlarda istehsal edilir ki, bu da enerji təhlükəsizliyinin təmin edilməsində bölgələrin vacib rol oynadığını göstərir.
Tapşırığınıza əsasən elektrik ötürücü xətlərin çəkilişi və yenilənməsi işi prioritet istiqamət kimi müəyyən edilmiş, ötən il 3 min 700 kilometrədək xətt çəkilmiş, bu sahədə müvafiq tədbirlər davam etdirilir.
Ölkədə alternativ enerjinin əldə edilməsi istiqamətində görülən işlər çərçivəsində Qobustan rayonunun ərazisində 5 meqavat gücündə hibrid tipli eksperimental poliqonu və tədris mərkəzi istifadəyə verilmiş, külək, günəş və bioqaz stansiyaları ilə təchiz edilmişdir.
Yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində işlər davam etdirilmiş, 5 min kilometrdən çox qaz kəməri çəkilərək əlavə 148 yaşayış məntəqəsi qazlaşdırılmış, 1537 kilometr qaz kəməri əsaslı təmir edilmişdir.
Proqram çərçivəsində 690 kilometrədək respublika və yerli əhəmiyyətli avtomobil yolları, o cümlədən 220 kilometr kənd yolları tikilmiş və təmir olunmuş, 25 yeni körpü və tunel inşa edilmişdir. Bundan başqa, Qaxda və Qubada avtovağzal kompleksləri, Qəbələdə müasir beynəlxalq hava limanı istifadəyə verilmişdir.

Ötən il informasiya və rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə 60 ATS və 31 poçt şöbəsi istifadəyə verilmiş, kənd yerlərində poçt şöbələrinin sayı 1200-ə çatdırılmışdır. Ölkədə hər 100 nəfərə düşən kompyuterlərin sayı 2009-cu ildəki 12 ədəddən 20 ədədə çatmış, hər 100 nəfərdən 65-i isə internet istifadəçisi olmuşdur. Ölkənin bütün yaşayış məntəqələrinin telefonlaşdırılması başa çatdırılmış, rəqəmsal yayım şəbəkəsinin təşkili ilə bağlı rayonlarda 9 verici stansiya quraşdırılmışdır" Mustafayev bildirib.

Dövlət başçısı vurğulayıb ki, Dövlət Proqramında əhalinin su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı nəzərdə tutulmuş işlər 2011-ci ildə də davam etdirilmiş, ölkənin 36 şəhər və rayonunun su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır.

"Kür-Araz çayları ətrafında yaşayan əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə Dövlət Proqramı çərçivəsində ümumilikdə 18 rayonun 188 yaşayış məntəqəsində modul tipli su təmizləyici qurğular quraşdırılmış, nəticədə 340 min nəfərdən artıq əhali içməli su ilə təmin olunmuşdur.
İl ərzində kənd təsərrüfatı torpaqlarında 91 min metr kollektor-drenaj şəbəkələri, 63 min metrdən çox suvarma kanalları tikilmiş və yenidən qurulmuşdur. Bununla yanaşı, 90 min hektara yaxın əkin sahəsinin suvarılmasını yaxşılaşdıracaq Vəlvələçay-Taxtakörpü su kanalının və Şəmkirçay dəryaçasının tikintisi davam etdirilmişdir.
Respublika üzrə 18,6 min hektar sahədə su təminatı, 19 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılmış və 1100 hektar sahədə yeni suvarılan torpaqlar istifadəyə verilmişdir.
Aparılan sənayeləşmə siyasəti regionların dinamik inkişafına ciddi təkan vermiş, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və sənaye qazları, Qaradağda müasir tikinti materialları, Abşeronda mebel və MDF istehsalı, Naxçıvanda biskvit və şokolad, tikiş, dam örtüyü və qarışıq yem fabrikləri, İmişlidə yem və bitki yağları, Samuxda meyvə qurudulması və emalı, Oğuzda qlükoza istehsalı, Ağcabədidə və Tovuzda süd emalı, Qəbələdə limonad, Ağsuda və Şəkidə şirə və şərab, Xaçmazda kondensator zavodları və digər sənaye müəssisələri istismara verilmişdir" nazir deyib.

Mustafayev bildirib ki, hazırda yeni istehsal və emal sənayesi müəssisələrinin, o cümlədən Gəmiqayırma zavodunun, Qaradağ və Ağstafa rayonlarında yeni sement zavodlarının, Qaradağ sement zavodunda yeni quru texnologiyalı sobanın, Günəş panelləri zavodunun, Hacıqabulda kafel-metlax, Sumqayıtda kağız emalı, bitki yağları zavodları, xovlu iplik, parça və boya fabriklərinin, gübrə zavodunun, eləcə də müxtəlif regionlarda süd və ət emalı, konserv, çörək zavodlarının, quşçuluq fabriklərinin və digər sənaye müəssisələrinin tikintisi davam etdirilir.

"Bununla yanaşı, ölkə Prezidentinin Sumqayıtda və Balaxanıda sənaye parklarının yaradılması ilə bağlı müvafiq fərman və sərəncamları innovativ və yüksək texnologiyalara əsaslanan müəssisələrin təşkil edilməsi və sənayeləşmə sahəsində yeni dövrün başlanmasına təkan vermişdir.
Ölkə iqtisadiyyatının prioritet sahələrindən olan aqrar sektorda intensiv metodların tətbiqinin genişləndirilməsi, dövlət dəstəyi tədbirlərinin davam etdirilməsi, quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq təsərrüfatlarının, istixanaların və məhsulların saxlanılması üçün anbar infrastrukturunın yaradılması regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə kənd təsərrüfatı məhsullarının istehsalını artırmış, bir sıra əsas ərzaq məhsulları üzrə tələbatın yerli istehsal hesabına təmin olunmasına, ərzaq mallarının qiymətlərinin sabitləşməsinə, qeyri-neft ixracının artırılmasına imkan vermişdir.
Eyni zamanda, bir çox məhsul növləri üzrə yerli istehsal hesabına təminat səviyyəsi artmış və yaxın 2-3 ildə bu sahədə daha yüksək nəticələr əldə etmək üçün zəmin yaradılmışdır. Belə ki, təkcə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə etməklə, hazırda 23 quşçuluq fabrikinin, 5 heyvandarlıq kompleksinin, 14 soyuducu və taxıl anbarının, 13 istixana kompleksinin, 5 süd emalı, 3 ət emalı, 4 konserv, 8 çörək zavodlarının və digər müəssisələrin tikintisi aparılır.
Ümumilikdə, 2011-ci ildə Fondun vəsaitləri hesabına 1643 sahibkara 138 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 6 min 500-dək yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Verilmiş kreditlərin 75 faizi regionların payına düşür.
İl ərzində güzəştli kreditlər hesabına maliyyələşdirilmiş 33 istehsal, emal, infrastruktur müəssisələri istifadəyə verilmiş, 96 müəssisənin bu il istifadəyə verilməsi gözlənilir.
"Aqrolizinq" xətti ilə kənd təsərrüfatı texnikası, avadanlıqlar və damazlıq heyvanlar gətirilərək güzəştli şərtlərlə fermerlərə lizinqə verilmiş, rayon aqroservis filiallarının maddi-texniki bazası möhkəmləndirilmişdir" nazir çıxışında deyib.

Onun sözlərinə görə, üzümçülüyün inkişafına dair Dövlət Proqramı hazırlanmış və Sərəncamınızla təsdiq edilərək icrasına başlanmışdır.

"Bu Proqramın icrası ölkədə üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsinə, aqrar sahənin gəlirliliyinin və ixracat potensialının artırılmasına və kənd əhalisinin maddi rifahının yüksəldilməsinə əlverişli şərait yaradacaqdır.
Dövlət Proqramının icrası ilə əlaqədar regionlarda sosial infrastruktur obyektlərinin, xüsusən də təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması işləri davam etdirilmişdir.
Ötən il 247 təhsil müəssisəsi tikilmiş və əsaslı təmir olunmuş, məktəblərin 87 faizi, o cümlədən şəhərlərdə 94 faizi, kənd yerlərində isə 84 faizi kompyuterlərlə təchiz edilmişdir. Qarşıdakı iki il ərzində təkcə regionlarda 325 məktəbin tikintisi və ya əsaslı təmiri nəzərdə tutulur. Bu da o deməkdir ki, proqramın icrası başa çatdıqdan sonra qəzalı vəziyyətdə olan məktəb qalmayacaqdır.
Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə 54 səhiyyə obyekti, o cümlədən yeni müalicə və diaqnostika mərkəzləri, xəstəxanalar, ambulatoriya-poliklinika müəssisələri tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması və aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində nəzərdə tutulmuş tədbirlər Dövlət Proqramına uyğun olaraq ardıcıllıqla davam etdirilmişdir. Əlil və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 6 rayon və şəhərin hər birində 36 mənzilli yaşayış binası tikilmiş, 33 şəhid ailəsi yeni mənzillə təmin olunmuşdur".

Nazir bildirib ki, məcburi köçkünlərin yaşayış səviyyəsinin və mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədi ilə ötən il Ağcabədi rayonu ərazisində 560 məcburi köçkün ailəsi üçün 10 yaşayış binasının və Taxtakörpü ərazisində 552 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin, Goranboy rayonu ərazisində 525 ailəlik 9 yaşayış binasının tikintisi başa çatdırılmışdır.

"Dövlətimizin başçısı tərəfindən 2011-ci ilin "Turizm ili" elan edilməsi turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi istiqamətində görülən işlərə təkan vermiş, ölkənin müxtəlif regionlarında, o cümlədən Qəbələ, Balakən, Qax, Şəki, Qusar, Naftalan, Qobustan, Füzuli, Lənkəran və Lerikdə yeni turizm və mədəniyyət obyektlərinin açılışı olmuşdur.
Əvvəlki illərdə olduğu kimi, təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrdə görülmüş işlərə Heydər Əliyev Fondunun müstəsna töhfəsi olmuşdur.
Ötən il də ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində genişmiqyaslı işlər aparılmış, Dövlət Proqramı çərçivəsində 10,5 min hektar sahədə meşə-bərpa tədbirləri yerinə yetirilmiş, yaşıllıqlar və parklar salınmışdır.
Əhalinin sağlam həyat tərzinin təmin olunması məqsədi ilə hər bir vətəndaşın bədən tərbiyəsi və idmanla məşğul olması üçün aparılan işlər davam etdirilmiş, 4 rayon və şəhərdə Olimpiya İdman kompleksləri inşa edilmiş, şahmat məktəbləri açılmış, Şəki Olimpiya İdman Kompleksi əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Möhtərəm cənab Prezident! Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində infrastruktur təminatı yaxşılaşmış, sahibkarlıq fəaliyyəti üçün imkanlar daha da genişlənmiş, bölgələrimizin siması dəyişmiş və investisiya cəlbediciliyi artmışdır.
Bu da regionlarda rəqabət qabiliyyətli və ixrac yönümlü məhsullar istehsal edən, müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılmasına şərait yaratmışdır. Regionlarda istehsal olunan bir çox məhsullarımız artıq Avropa və Amerika bazarlarına da ixrac olunur ki, bu da bütövlükdə qeyri-neft ixracını artırmışdır. İxrac yönümlü müəssisələrə dövlət dəstəyinin genişləndirilməsi və ixrac imkanlarının daha da artırılması istiqamətində işlər davam etdirilir.
Proqramların icrasının ən əhəmiyyətli yekunlarından biri də ondan ibarətdir ki, ümumilikdə regionlarda məşğulluğun artması, gəlir əldə etmək imkanlarının genişlənməsi və həyat səviyyəsinin yüksəlməsi nəticəsində əhalinin paytaxta axını əks proseslə əvəz olunmuşdur".

Xəbər lenti

Xəbər lenti