...

"Flydubai" aviaşirkəti Yəmənə hava yolu açır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2012 15:21 (UTC +04:00)
Dubayın qabaqcıl qənaətcil "Flydubai" aviaşirkəti şəbəkəsinin genişləndirilməsi və Yəmən Respublikasının paytaxtı Səna şəhərinə hava yolunun açılmasını bəyan edib.
"Flydubai" aviaşirkəti Yəmənə hava yolu açır

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir E.İsmayılov/

Dubayın qabaqcıl qənaətcil "Flydubai" aviaşirkəti şəbəkəsinin genişləndirilməsi və Yəmən Respublikasının paytaxtı Səna şəhərinə hava yolunun açılmasını bəyan edib. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Yəmənə uçuşlar 2012-ci il aprelin 22-dən etibarən həftədə dörd dəfə həyata keçiriləcək.

Səna dünyanın ən qədim şəhərlərindən biridir, eyni zamanda, Yəmən Respublikasının siyasi və inzibati mərkəzidir. Burada ölkə sənayesinin 30%-i cəmləşib.

"Aviaşirkətimizin marşrut xəritəsinə Yəmənin daxil olmasına çox şadıq. Yeri gəlmişkən, bizə işimizdə dəstək vermiş Yəmən hökumətinə minnətdarlığımı bildirirəm. Dubay və Səna arasında qənaətcil birbaşa aviareyslər zəngin mədəni irsə malik bu qədim şəhərdə işgüzar fəallığın və turizmin inkişafına təkan verəcək", - "Flydubai" aviaşirkətinin baş direktoru Qeyt əl-Qeyt deyib.

2007-2010-cu illərdə Birləşmiş Ərəb Əmirliklərindən Yəmənə əmtəə mal ixracının həcmi 500 mln. dirhəm (136 ABŞ dolları) təşkil edib. Son illər ərzində iki ölkə arasında möhkəm işgüzar və ticarət əlaqələri yaradılıb. Xüsusən, tibb xidməti, kənd təsərrüfatı, infrastrukturun inkişafı və əmlak seqmentlərində.

"Flydubai" qənaətcil aviaşirkətinin açdığı birbaşa hava yolu iş adamlarına Yəməndə yeni biznes və investisiya imkanları yaratmaqla yanaşı, bu respublikanın dünya birliyi ilə əlaqələrini möhkəmləndirəcək.

"BƏƏ və Yəmən arasında uzun illər boyu möhkəm ictimai-siyasi və mədəni əlaqələr mövcuddur. Birbaşa hava yolunu istifadəyə verərək, biz ölkələrimiz arasında ticarət və turizm mübadiləsini canlandırmağa, həmçinin, ikitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoymasına çalışırıq", - Qeyt əl-Qeyt əlavə edib.

Nadir arxitektura, qədim istehkam qurğuları və 1986-cı ildə BMT-nin dünya irsinə daxil edilən qədim Səna şəhərinin əsrarəngiz bağları Ərəbistan yarımadası və digər ölkələrdən turistləri özünə cəlb edir.

Dubaydan Sənaya uçuş qiyməti 155 ABŞ dollarından başlayır.

Biletin qiymətinə bütün vergilər və çəkisi 7 kq-a qədər olan əl yükü və noutbuk üçün kiçik çanta daxildir. Ayaqlar üçün geniş sahəsi olan yerlərdə oturmaq üçün əlavə olaraq 28 ABŞ dolları ödəmək lazımdır.

Dubaydan Sənaya və əks istiqamətdə biletləri "Flydubai" aviaşirkətinin saytı vasitəsi ilə (www.flydubai.com), telefon ilə - Dubayda (+9714 231 1000), Sənada (+9671 446 750 ) və yaxud turizm şirkətlərindən əldə etmək olar.

Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb. Hazırda aviaşirkət marşrut şəbəkəsini 46 istiqamətə kimi (Fars körfəzi, Yaxın Şərq, Şimali Afrika, Hindistan, Kiçik Asiya və Avropanın bir hissəsi daxil olmaqla) genişləndirib. Bu ərazilər üzərində aviaşirkətin 21 təyyarəsi hava nəqliyyatı xidməti göstərir. Dubay höküməti tərəfindən təsis edilən aviaşirkət uçuşları daha sadə, rahat və əlverişli qiymətlərlə həyata keçirməyə çalışır.

Xəbər lenti

Xəbər lenti