...

"Eurovision 2012" çərçivəsində nəqliyyat sistemində tədbirlər planı hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2012 12:46 (UTC +04:00)
Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi çərçivəsində ölkənin nəqliyyat-yol kompleksində bir sıra tədbirlər həyata keçiriləcək.
"Eurovision 2012" çərçivəsində nəqliyyat sistemində tədbirlər planı hazırlanıb

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.İsmayılov/

Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi çərçivəsində ölkənin nəqliyyat-yol kompleksində bir sıra tədbirlər həyata keçiriləcək. Bu barədə cümə axşamı Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Tədbir müddətində nəqliyyatın ahəngdar fəaliyyətinin və daşımaların təhlükəsizliyinin təmin edilməsi və digər təşkilati məsələlərin əlaqələndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə nəqliyyat naziri Ziya Məmmədovun müvafiq əmrinə əsasən Tədbirlər Planı təsdiq edilib.

Tədbirlər Planında "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı dəmir yolunda da bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Tədbir müddətində dəmir yolu vağzalı və avtovağzalda sərnişinlərə operativ xidmət göstərilməsi məqsədilə geniş taksi və avtobus dayanacaqları təşkil ediləcək.

Eləcə də beynəlxalq marşrutda hərəkət edən sərnişin qatarı heyətləri tərəfindən əcnəbi qonaqlara sərhəd-keçid məntəqələrində prosedur qaydalarının izah edilməsi məqsədilə məlumat bürosu operatorları, diktorlar, zal növbətçiləri, bilet kassirləri, rəsmi nümayəndələr zalının növbətçiləri və beynəlxalq marşrutda hərəkət edən sərnişin qatarlarının vaqon bələdçiləri və qatar rəisləri üçün xarici dil kursları təşkil ediləcək. Bakı və Sumqayıt sərnişin stansiyalarında, Gəncə vağzalında səsli məlumatların Azərbaycan, rus və ingilis dillərində səsləndirilməsi təmin ediləcək. Bakı-Tbilisi-Bakı turist qatarının istifadəyə verilməsi nəzərdə tutulur. Gəncə şəhərində yerləşdirilmiş əcnəbi qonaqların tədbir günlərində, istəklərinə uyğun olaraq, "Ekspress" turist qatarları ilə Bakı şəhərinə gətirilməsi təşkil ediləcək.

Artıq tədbir müddətində dəmir yolu vağzalında və avtovağzallarda əcnəbi qonaqların qarşılanması, onlara zəruri kömək göstərilməsi və müvafiq məlumatın verilməsi üçün Turizm İnformasiya Mərkəzi yaradılıb.

Bakıda keçiriləcək 57-ci "Eurovision 2012" mahnı yarışmasının səhnə dekorasiyası, reklam şitləri, işıqlandırma avadanlıqları və səhnə tərtibatına aid olan digər avadanlıqlar artıq Bakıya gətirilib. Avadanlıqlar Almaniyadan Bakıya 98 ədəd konteyner vasitəsilə Keşlə stansiyasına gətirilb və "Bakı Kristal Zalı"na daşınıb.

İyun ayında gətirilən avadanlıqların geriyə qaytarılması təmin ediləcək.

Xəbər lenti

Xəbər lenti