...

Xorvatiyada Azərbaycan üçün tikilən bərə suya buraxılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2012 15:36 (UTC +04:00)
Mayın 10-da Xorvatiyanın "Ulyanik" tərsanəsində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (ADXDG) üçün tikilən "Bərdə" bərəsinin suya buraxılmasının təntənəli mərasimi keçirilib.
Xorvatiyada Azərbaycan üçün tikilən bərə suya buraxılıb

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir E.İsmayılov/

Mayın 10-da Xorvatiyanın "Ulyanik" tərsanəsində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (ADXDG) üçün tikilən "Bərdə" bərəsinin suya buraxılmasının təntənəli mərasimi keçirilib. Bu barədə cümə axşamı Trend-ə ADXDG-nin mətbuat xidmətinin rəhbəri Vüqar Sadıxov bildirib.

Mərasimdə ADXDG-nin rəhbəri Aydın Bəşirovin başçılıq etdiyi nümayəndə heyəti, həmçinin Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasıyev iştirak edib.

"Təqribən 30 il əvvəl, 1984-86-cı illərdə "Ulyanik" tərsanəsinin işçiləri Xəzər dənizçiləri üçün 8 bərə tikərək istismara vermişdilər. Həmin vaxt SSRİ hökuməti Baş nazirinin birinci müavini vəzifəsində işləyən ümummilli lider Heydər Əliyevin göstərişi ilə bütün bu bərələr Xəzər Dəniz Gəmiçiliyinin sərəncamına təhvil verilib. Bu gəmilər indiyədək Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində uğurla işləyir. Onlar müxtəlif yükləri Bakıdan Qazaxıstana, Türkmənistana və əksinə çatdırır", - Bəşirov mərasimdə qeyd edib.

Bəşirovun sözlərinə görə, bu gün ümummilli lider Heydər Əliyevin siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

"Prezident ölkənin dəniz nəqliyyatının problemləri ilə daim maraqlanır, donanmanın yenilənməsi prosesində dənizçilərə hərtərəfli kömək edir. Yeni bərələrin məhz Xorvatiyada sifariş verilməsi Azərbaycan dövlət başçısının xidmətidir", - Bəşirov deyib.

ADXDG üçün tikilən ikinci bərə - "Balakən" bir aydan sonra suya buraxılacaq. Hər iki bərə ölkəyə ilin sonunadək gətiriləcək.

Bir gəminin tikintisinin qiyməti 22 milyon avro təşkil edəcək. Maliyyələşdirmə dövlət büdcəsindən həyata keçirilir. Gəmilər yeni təkmilləşdirilmiş konstruksiyaya malikdir. Bundan başqa, bu bərələrlə vaqonların qəbulu imkanı 54 ədədə qədər artırılacaq.

2011-ci ilin mayında Azərbaycan və Xorvatiya tərəfdaşları arasında 2+3 sxemi üzrə bərələrin tikintisi haqqında müqavilə imzalanıb. ADXDG daha 3 bərənin sifariş hüququnu özündə saxlayır.

Xəbər lenti

Xəbər lenti