Azərbaycan, Bakı, 18 may /Trend, müxbir Ə.Həsənov/
2012-ci ilin yanvar-aprel aylarında Azərbaycanda tikinti işlərinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 42,9 faiz artıb. Bu barədə cümə günü Azərbaycan Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumatda deyilir.
Bundan başqa, dövlət şirkətlərinin həyata keçirdiyi tikinti işlərinin həcmi işlərin ümumi həcminin 27,7 faizini, özəl şirkətlər - 72,3 faiz təşkil edib.
Tikinti işlərinin ümumi həcminin 73,6 faizi ilkin tikinti, yenidənqurma və genişləndirmənin, 12,6 faizi əsaslı təmirin, 2,3 faizi cari təmir, 11,5 faizi isə digər tikinti işlərinin payına düşür.
2012-ci ilin birinci rübündə Azərbaycanın tikinti sektoruna 80,7 min nəfər cəlb edilib. Tikinti sektorunda əməkhaqqının nominal səviyyəsi 549,4 manat təşkil edib ki, bu da 2011-ci ilin yanvar-mart aylarından 7,3 faiz çoxdur. Dövlət şirkətlərində əməkhaqları 431,9 manat (il ərzində 18,2 faiz artım), özəl şirkətlərdə isə 632,5 manat (0,5 faiz azalma) təşkil edib.
İri və orta tikinti şirkətlərində əməkhaqqının nominal səviyyəsi 540,3 manat olub. Yaşayış binalarının tikintisi sahəsində il ərzində əməkhaqqı 1,4 faiz - 538 manatadək azalıb, xüsusiləşdirilmiş tikinti işləri üzrə 13,2 faiz - 691,2 manatadək artıb, mülki təyinatlı tikinti işləri üzrə əməkhaqqı isə 13,2 faiz - 383,1 manatadək artıb.