Azərbaycan, Bakı, 22 may /Trend/
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sərəncamına əsasən, Bakı Ağ Şəhər layihəsi çərçivəsində yeni bir binanın tikintisinə başlanır.
Trend-in məlumatına görə, Böyük Britaniyanın "Atkins" şirkəti tərəfindən layihələndirilmiş Bakı Ağ Şəhər Ofis Binası layihənin əsas binalarından biri hesab olunur ki, bu da onun Nobel prospekti tərəfdən layihə ərazisinə olan giriş qapısı rolunu oynamağı ilə bağlıdır. Bura, həmcinin Nobel prospekti boyu gəzinti məkanının başlanğıcı olacaq.
Beynəlxalq səviyyəli Bakı Ağ Şəhər Ofis Binasına ofislər, ticarət məkanları və yaşayış yerləri daxildir. Binanın ucaldılacağı 2 ha ərazidə, həmçinin Bakı Ağ Şəhər layihəsinin təməl daşının qoyulduğu kiçik meydan da yerləşəcək. Hündürlüyü 50 metr olan bu 10 mərtəbəli binanın ümumi sahəsi 20 min kv.m-dir.
Müasir materialların istifadəsi sayəsində bina səlis bir görünüşə malik olacaq. Bakı Ağ Şəhər Ofis Binasında 9 müasir liftin qurulması və ikifasadlı səs və istilik izolyasiya sistemlərinin istifadəsi nəzərdə tutulur. Bundan əlavə, Bakı Ağ Şəhər Ofis Binasında 365 avtomobil üçün yeraltı və qonaq dayanacaqlarının yaradılması, yaşıllıq işlərinin aparılması, həmçinin alternativ enerjinin alınması üçün günə 144.1 kVt həcmində günəş batareyaların quraşdırılması nəzərdə tutulur ki, bu da layihənin ekoloji mənsubiyyətinin göstəricisidir.
Ağ Şəhər Ofis Binası hələ layihələndirmə mərhələsində beynəlxalq memarlarıq aləmində geniş tanınmış və "Gələcəyin Ən Görkəmli Layihəsi" nominasiyasında dəfələrlə təqdim olunub.
Bakı Ağ Şəhər layihəsi "Azərbaycan Respublikasında 2006-2010-cu illərdə ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı"ın təsdiq olunması haqqında Azərbaycan Prezidentinin fərmanı çərçivəsində həyata keçirilir. Layihə haqqında daha ətraflı məlumatı www.bakuwhitecity.az saytından əldə etmək olar.