Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir A.Axundov/
Cari ilin ilk 6 ayı ərzində gömrük orqanları tərəfindən 8237 hüquqpozma faktı aşkar olunub. Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı DGK sədri Aydın Əliyev bildirib.
Hesabat dövründə gömrük orqanları tərəfindən görülən tədbirlər nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı ilə əlaqədar 37 fakt aşkar olunub və 5,8 kq narkotik vasitə, 6,2 kq psixotrop maddə dövriyyədən götürülüb.
"Bu dövrdə 8119 inzibati xəta faktı üzrə 180 hüquqi şəxs və 7912 nəfər fiziki şəxs inzibati qaydada müvafiq məsuliyyətə cəlb edilib. Bu şəxslərə qarşı gömrük orqanları tərəfindən 563 min manat cərimə tətbiq edilib, 100 min manat dəyərində hüquqpozma predmeti olan mallar müsadirə olunub", - Əliyev deyib.
Eyni zamanda, 3 ədəd ov silahı və 200 ədəd ona aid sursat, 79 ədəd pnevmatik silah, 3 ədəd odlu silah və 19 ədəd patron, 8 ədəd soyuq silah, 5 ton dizel yanacağı, 780 ədəd mobil telefon və külli miqdarda digər əşyalar hüquqpozma predmeti kimi saxlanılıb.
"Aksizli malların qeyri-qanuni keçirilməsinə qarşı aparılmış qabaqlayıcı tədbirlər nəticəsində 767 litr və 25937 ədəd spirtli içki, 76,3 min manat dəyərində tütün məmulatları tutulub", - DGK rəhbəri bildirib.