Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir A.Axundov/
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü üzrə çoxtərəfli danışıqların növbəti - X raundu dekabrın 7-də keçiriləcək. Bu barədə cümə axşamı Trend-ə danışıqlar qrupunun rəhbəri, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bildirib.
Danışıqlar ilkin olaraq noyabrın sonuncu həftəsinə təyin edilmişdi, lakin ABŞ-ın xahişi ilə danışıqlar dekabrın birinci ongünlüyünə keçirildi. Danışıqların növbəti raundu çərçivəsində ÜTT-nin üzv ölkələri ilə ikitərəfli görüşlər də keçiriləcək.
"Hazırda Azərbaycan ilə ikitərəfli danışıqlarda iştirak etmək istəyini Kanada, ABŞ, Avropa İttifaqı, Norveç bəyan ediblər. Bir neçə ölkənin qoşulacağı da istisna edilmir", - Məmməd-Quliyev qeyd edib.