...

Milli Məclis 2013-cü il üzrə büdcə paketini təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2012 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı 30 noyabr / Trend, müxbir A.Axundov /

Milli Məclis cümə günü keçirilən plenar iclas zamanı 2013-cü il üzrə dövlət və icmal büdcələrinin layihələrini təsdiqləyib.

Trend-in məlumatına görə, iclasda maliyyə naziri Samir Şərifovun dediyi kimi, bəzi deputatların təkliflərinin müzakirəsindən sonra gələn il üçün büdcə layihəsində dəyişikliklər edilib və dövlət büdcəsinin gəlirləri beş milyon manata qədər artırılaraq 19,159 milyard manata, xərclər 40 milyon manat artırılaraq 19,85 milyard manata, dövlət büdcəsinin kəsiri 35 milyon manat artırılaraq 691 milyon manata çatdırılıb.

Bu dəyişikliklərdən sonra icmal büdcənin gəlirləri 20,729 milyard manat, xərclər 24,5 milyard manat təşkil edib.

Bəzi millət vəkillərinin təkliflərini nəzərə alaraq xüsusi təyinatlı səhiyyə müəssisələrinin, tibbi müəssisələrin maddi-texniki bazasının yaxşılaşdırılması, həmçinin tibbi ləvazimatlarla, dərmanlarla təminatın yaxşılaşdırılması xərcləri üç milyon manata qədər artırılıb.

Həmçinin siyasi partiyaların maliyyələşdirilməsi xərcləri təkrar nəzərdən keçirilib və onlar 500 min manat artırılaraq 2,5 milyon manata çatdırılıb.

Milli Məclisin maddi-texniki təminatının yaxşılaşması xərclərinə əlavə olaraq 726 min manat vəsait ayrılıb.

Eyni zamanda, büdcədənkənar xərclər 35 milyon manata qədər artıb, həmçinin büdcə kəsirinin maliyyələşdirilməsi mənbələrinə həmin məbləğdə vəsait nəzərdə tutulub.

Büdcə paketinə "2013-cü il dövlət büdcəsi haqqında", "2013-cü ildə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında", "Yaşayış minimumu haqqında", "2013-cü ildə ehtiyac meyarının səviyyəsi haqqında", "2013-cü ildə Milli Məclisin xərclərinin smetası haqqında" və "2013-cü ildə Hesablama Palatasının xərclərinin smetası haqqında" qanun layihələri daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti