Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir C.Nəsibova/
"Azərbaycan Hava Yolları" QSC 2012-ci il dekabrın 1-dən etibarən İstabul və Ankara istiqamətlərində aviabiletlərin rəsmiləşdirilməsinə görə agentliklərə verilən kommisyon mükafatlandırıcı faizləri ləğv edib. Trend-in məlumatına görə, bu barədə aviaşirkətin rəsmi saytında yayılan məlumatda deyilir.
Bu, həmin sahədə beynəlxalq təcrübəyə əsaslanaraq aviabiletlərin satışı prosedurunu təkmilləşdirmək məqsədilə edilib.
Məlumata görə, aviaşirkətin avtorizə olunmuş agentlərinə bu istiqamətlərdə biletlər rəsmiləşdirilərkən ekonom sinif aviabiletləri üçün 30 manatadək, biznes sinif aviabiletləri üçün isə 80 manatadək servis yığımı tətbiq etmək tövsiyə olunur.
Aviaşirkətin bir sıra digər uçuş istiqamətləri üzrə bu sxem artıq bir çox aylar ərzində müvəffəqiyyətlə fəaliyyət göstərir.
Biletlərin satışı üzrə agentlik həmin qərarın bu istiqamətlərdəki biletlərin dəyərində necə əks olunacağını hələ şərh etmir.