...

Azərbaycan bankları İBAN beynəlxalq sisteminə keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2013 13:13 (UTC +04:00)
7 yanvar 2013-cü il tarixindən ölkədə banklararası hesablaşmalarda istifadə olunan bütün bank hesabları standart bank hesab nömrəsinə (İBAN) keçirilib və real rejimdə istifadəyə başlanılıb.
Azərbaycan bankları İBAN beynəlxalq sisteminə keçib

Azərbaycan, Bakı, 15 yanvar / Trend, müxbir A.Axundov/

Elektron ödəniş məkanında bank müştərilərinin identifikasiya edilməsinin təkmilləşdirilməsi, ödənişlərin emalı zamanı avtomatlaşdırılma səviyyəsinin yüksəldilməsi və bank hesablarının strukturundakı pərakəndəliyin aradan qaldırılması məqsədilə beynəlxalq təcrübəyə əsaslanaraq 7 yanvar 2013-cü il tarixindən ölkədə banklararası hesablaşmalarda istifadə olunan bütün bank hesabları standart bank hesab nömrəsinə (İBAN) keçirilib və real rejimdə istifadəyə başlanılıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) çərşənbə axşamı yaydığı məlumatda deyilir.

İBAN - Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İSO) tərəfindən müəyyən edilmiş İSO 13616 beynəlxalq standartına uyğun olaraq yaradılan standart bank hesab nömrəsidir. İBAN hal-hazırda Avropa ölkələri, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, Tunis, MDB ölkələrindən Qazaxıstan və Gürcüstan da daxil olmaqla 61 ölkədə tətbiq edilir.

Mərkəzi Bank tərəfindən ölkədə maliyyə institutlarının bank hesablarına IBAN-ın tətbiq edilməsi barədə qərarı 17 iyun 2010-cu il tarixində qəbul edilib. İBAN-a keçidin təmin edilməsi məqsədilə Mərkəzi Bankın, aparıcı kommersiya banklarının, Banklar Assosiasiyasının və müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb və Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq, ödəniş sistemlərinin iştirakçıları üçün açılmış müxbir və submüxbir hesablar 2012-ci ilin mart ayından etibarən İBAN strukturuna keçirilərək real rejimdə istifadəsinə başlanılıb.

Ölkədə tətbiq olunan İBAN 28 simvoldan ibarət olmaqla aşağıdakı struktura malikdir.

AZ NR BANK HHHH HHHH HHHH HHHH HHHH

Burada,
AZ - Azərbaycan Respublikasının ölkə kodudur ("AZ").
NR - hesabın doğruluğunun yoxlanılması üçün nəzarət rəqəmləridir.
BANK - maliyyə institutunun SWIFT BIC -inin ilk 4 simvoludur.
HHHHHHHHHHHHHHHHHHHHH - müştəri hesab nömrəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti