...

Azərbaycan biznesi 2013-cü il üçün güzəştli maliyyələşdirmənin 25 faizindən çoxunu mənimsəyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2013 17:06 (UTC +04:00)
Bu gün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Quba rayonunun İkinci Nügədi kəndində keçirib. Tədbirdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 100-dək sahibkar iştirak edib.
Azərbaycan biznesi 2013-cü il üçün güzəştli maliyyələşdirmənin 25 faizindən çoxunu mənimsəyib

Azərbaycan, Bakı, 15 mart /Trend/

Bu gün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Quba rayonunun İkinci Nügədi kəndində keçirib. Tədbirdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 100-dək sahibkar iştirak edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdən əvvəl əsas hissəsi Qubada Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş müasir soyuducu anbar kompleksinə, meyvə bağlarına və meyvələrin çeşidlənməsi və qablaşdırılması müəssisəsində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Quba rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən rayonda prioritet hesab olunan müasir çörək zavodunun, intensiv bağçılıq təsərrüfatlarının, müasir alma konsentratı istehsalı və meyvəqurutma müəssisələrinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və 2013-cü ildə güzəştli kreditlərin yönəldiləcəyi prioritet sahələr barədə məlumat verib. Qeyd edilib ki, 2013-cü ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına 519 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla 66,7 milyon manatdan çox güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 2100-dən artıq yeni iş yerinin yaradılmasına imkan verir.

Qeyd edək ki, Qubada təşkil edilmiş "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 43 sahibkar 961 min manat güzəştli kredit alıb. Bu kreditlər hesabına 100-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlər, əsasən, bağçılıq, heyvandarlıq, gülçülük sahələrinə, istixana kompleksinin inşasına yönəldiləcək. Ümumiyyətlə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1206 investisiya layihəsinin maliyyələşdirilməsinə 105,1 milyon manat güzəştli kredit verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti