...

Azərbaycan Latviyanı aqrar sahədə əməkdaşlığın genişləndirilməsinə dəvət edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2013 13:29 (UTC +04:00)
İqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda səfərdə olan Latviyanın kənd təsərrüfatı naziri xanım Laimdota Straujumanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Latviyanı aqrar sahədə əməkdaşlığın genişləndirilməsinə dəvət edir

Azərbaycan, Bakı, 26 aprel /Trend/

İqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda səfərdə olan Latviyanın kənd təsərrüfatı naziri xanım Laimdota Straujumanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Trend-in cümə günü İqtisadi İnkişaf Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüşdə Latviyanın İqtisadiyyat Nazirliyinin dövlət katibi Juris Puce və digər rəsmi şəxslərlə yanaşı, Latviyanın kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən iş adamları da iştirak ediblər.

Şahin Mustafayev iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu vurğulayıb. Nazir Azərbaycan iqtisadiyyatı və qazanılmış nailiyyətlər barədə məlumat verərək, ölkəmizdə möhkəm siyasi və makroiqtisadi sabitliyin, dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını qeyd edib.

Bildirilib ki, Azərbaycanda kənd təsərrüfatı qeyri-neft sektorunun aparıcı sahələrindəndir. Aqrar sektora sistemli dövlət dəstəyi tədbirləri göstərilir, ölkədə müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı genişlənir, aqrar sektorun infrastruktur təminatı yaxşılaşır, müasir quşçuluq və heyvandarlıq kompleksləri, iri taxılçılıq təsərrüfatları yaradılır, kənd təsərrüfatı sahəsində intensiv metodlar tətbiq edilir.
Hazırda rəqabətqabiliyyətli Azərbaycan məhsulları müxtəlif ölkələrə ixrac olunur. Ölkəmizin aqrar sahədə geniş potensiala malik olduğunu diqqətə çatdıran Şahin Mustafayev bu sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Latviyanın kənd təsərrüfatı naziri xanım Laimdota Straujuman ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, səfər çərçivəsində keçirdiyi görüşlərin və bu günlərdə keçirilmiş Azərbaycan-Latviya biznes forumunun ölkələrimiz arasında əlaqələrin genişlənməsində əhəmiyyətini vurğulayıb. Xanım Laimdota Straujuman iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.

Görüş çərçivəsində, həmçinin Latviyanın heyvandarlıq, şirniyyat istehsalı, tərəvəz emalı, kənd təsərrüfatı avadanlıqlarının istehsalı və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin təmsilçiləri fəaliyyətlərinə dair məlumat veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti