Azərbaycan, Bakı, 23 may /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan mayın 25-də Qəbələdə keçiriləcək Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumda iştirak etmək məqsədilə cümə günü Azərbaycana gələcək. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.
Səfər çərçivəsində Çağlayan Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili ilə görüşlər keçirəcək.
Üçüncü dəfə təşkil olunan üçtərəfli biznes forum çərçivəsində iqtisadi əməkdaşlığın və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunacaq.
Qeyd edək ki, əvvəlki görüşlər Tbilisi və Qarsda baş tutub.