Azərbaycan, Bakı, 29 may /Trend, müxbir S.Əliyev/
Azərbaycan yeni texnologiyalara, iqtisadiyyatın qeyri-neft sektoruna investisiyalar yatırır və 2013-cü ilin ilk dörd ayının nəticələri qeyri-neft sektorunda təqribən 11 faizə bərabər olan iqtisadi artım nümayiş etdirir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.
Dövlət başçısı deyib: "Bu, məqsədlərimizə, yəni iqtisadiyyatın şaxələndirilməsinə artıq əhəmiyyətli dərəcədə çatdığımızı göstərir. Hazırda inkişaf etdirməyə çalışdığımız iqtisadiyyatın yeni sahələri də neft yataqlarımızın işlənməsi üçün müasir texnologiyalara ehtiyacımızın olduğu 90-cı illərin ortalarındakı kimi müasir texnologiyalar, biliklər tələb edir. Sövet dövründə azərbaycanlı neftçilər suyun 100-150 metrdən artıq dərinliyində quyu qaza bilmirdilər. Enerji sektorunda müasir texnologiyalar isə bizə yeni yataqlar açmağa imkan verdi".
Prezidentin sözlərinə görə, hazırda İKT sektorunda, innovasiyalarla bağlı sahələrdə müasir texnologiyalar da respublikaya iqtisadiyyatı şaxələndirməyə yardım edəcək.
İlham Əliyev bildirib: "Burada biz yenə də ölkələrimiz arasında əməkdaşlıq məsələsinə gəlirik. Cari ilin fevral ayında ABŞ-da istehsal edilən Azərbaycan peykinin kosmosa buraxılması kimi əlamətdar hadisəni qeyd etdik. Peyk "Azerspace 1" adlanır, bu o deməkdir ki, ikinci, üçüncü peyklər də olacaq və çox ola da bilər. Bununla da biz Azərbaycanda kosmik sənayenin yaradılması prosesindəyik".
Prezidentin sözlərinə görə, bu məhsuldar əməkdaşlıq qarşılıqlı cəhətdən mənfəətlidir, çünki ölkəyə iqtisadiyyatı şaxələndirməyə, müasir texnologiyalara, təhsilə, insan resurslarına vəsait yatırmağa imkan verir, eyni zamanda, Azərbaycan və ABŞ arasında əməkdaşlığın yeni sahələrini açır: "Əminəm ki, bugünkü forum əlbəttə ki, əsasən əməkdaşlığımızın və təhlükəsizliyimizin siyasi aspektləri ilə bağlı məsələlərə köklənəcək. Eyni zamanda düşünürəm ki, biz böyük həcmdə iqtisadi fəaliyyət göstərmək üçün iqtisadi əməkdaşlıq məsələləri üzrə çox fəal işləməliyik. İnvestorlarımız və podratçılarımız arasında ABŞ-ın əsas şirkətlərinin iştirak etməsinə görə şadıq. Lakin fikrimcə, yeni imkanlar da üzə çıxa bilər, çünki Azərbaycanın iqtisadi potensialı artır".
İlham Əliyev qeyd edib ki, ölkənin aparıcı beynəlxalq maliyyə institutları tərəfindən qeyd edilən iqtisadi islahatlar üzrə çox yaxşı göstəriciləri var.
Dövlət başçısı bildirib: "Buna görə də Azərbaycanın uğurlu inkişafına tam əminik və iqtisadiyyatın yenilənməyə ehtiyac duyan sahələrinə investisiya yatıracağıq. Bu məsələdə ABŞ-lı dostlarımıza və şirkətlərə güvənirik. Ümid edirəm ki, əməkdaşlıq üçün yeni sahələr tapacağıq".
Prezidentin sözlərinə görə, Azərbaycan enerji sahəsindən əldə olunan gəlirləri düzgün istifadə edə, iqtisadiyyatın müxtəlif sahələrinə, infrastruktura təkrar investisiya yatıra, həmçinin köklü iqtisadi və siyasi islahatlar həyata keçirə bildi.
Dövlət başçısı deyib: "İqtisadi və siyasi islahatları paralel həyata keçirmək bizim strategiyamızdır, çünki yalnız güclü iqtisadiyyatın və güclü enerji sektorunun, hətta şaxələndirilmiş iqtisadiyyatın olması belə, uzunmüddətli perspektivdə uğurla inkişaf edəcəyimiz anlamına gəlməyəcək".
Prezidentin sözlərinə görə, Azərbaycan regionun heç də hər ölkəsinin malik olmadığı azad mətbuatın, internetə sərbəst çıxışın mövcud olduğu ölkədir, siyasi islahatlar, demokratik proseslər də həmişə gündəlikdə olub.
İlham Əliyev bildirib: "Biz tarixi irsi, müxtəlif növ hökumətləri olan regionda yaşayırıq və Azərbaycanın seçimi çox aydındır. Bu seçim 90-cı illərin ortalarında müəyyənləşdirilib. Biz müasir, demokratik, dünyəvi ölkəni tərəfdaşlarımızla mövcud olan güclü əlaqələr və Avro-atlantik strukturlarla davamlı əməkdaşlıqla inkişaf etdiririk".
Prezident qeyd edib ki, respublikanın NATO və Aİ ilə əməkdaşlığı xarici siyasət strategiyasının gündəliyinin bir hissəsidir.
Dövlət başçısı deyib: "Düşünürəm ki, bir çox məsələlər üzrə xarici siyasi mövqeyimiz ölkənin BMT Təhlükəsizlik Şurasında üzvlüyü dövründə dəqiq şəkildə bəyan edilib. Öz növbəsində, ölkənin Təhlükəsizlik Şurasında üzvlüyü Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınması idi".
Prezident deyib ki, 2011-ci ilin oktyabr ayı bizim üçün əlamətdar ay olub, çünki müstəqilliyimizin bərpa edilməsinin 20 illiyini qeyd etdik, eyni zamanda, dünyanın ali beynəlxalq orqanı olan BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilmək üçün keçirilən səsvermədə 155 ölkə Azərbaycanı dəstəkləyib.
Dövlət başçısının sözlərinə görə, Azərbaycanın tərkib hissəsi olduğu müsəlman dünyasında çox güclü mövqeyi var: "Bununla belə, Avropa Şurasına daxilik, buna görə də biz təbii coğrafi, siyasi və mədəni körpüyük. Sabah ölkəmizdə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Azərbaycan burada dini tolerantlıq, müxtəlif din və etnik qrup nümayəndələrinin dinc şəraitdə yaşaması modeli qismində rol oynayır".
İlham Əliyevin sözlərinə görə, iqtisadi və siyasi islahatlar ölkənin əsaslı şəkildə dəyişməsinə kömək etdi: "İqtisadi göstəricilərə gəlincə, deyə bilərəm ki, islahatlarımız beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilib. İqtisadi maliyyə böhranı illərində "Fitch", "Moody's" və "S&P" Azərbaycanın reytinqini yüksəldiblər. Dünya İqtisadi Forumunun qiymətləndirməsinə görə, Azərbaycan iqtisadiyyatı dünyanın 50 ən rəqabətədavamlı iqtisadiyyatından biridir. Və bu, neft və qaza görə deyil. Azərbaycandan beş dəfə və daha artıq neft və qaz istehsal edən ölkələr var və bu, uğurun göstəricisi deyil".
Dövlət başçısının sözlərinə görə, uğurun göstəricisi şaxələndirmə, biznes üçün imkanların yaradılması, güclü sosial siyasət, təhsilə və biliyə investisiyaların yatırılmasıdır: "Deyə bilərəm ki, son 10 ildə xeyli iqtisadi artımımız olub. ÜDM 3 dəfə artıb, lakin ən vacibi odur ki, yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizədək azalıb və bu, aktivlərimizin lazımi qaydada istifadə edilməsinin təzahürüdür".
Prezident bildirib ki, hesabatlılığın, gəlirlərə nəzarətin və onların bölüşdürülməsinin şəffaf olması uğurun əsas şərtlərindən biridir: "Azərbaycan Respublikası Dövlət Neft Fondunun dünyanın daha şəffaf milli fondlarından biri olduğuna görə fəxr edirik. İşsizliyi 5,2 faizədək azaltmağı bacardıq və əminəm ki, yaxın illərdə yeni böyük həcmdə investisiyalar sayəsində işsizlik daha da azalacaq. Bizim, həmçinin çox davamlı maliyyə vəziyyətimiz var, valyuta ehtiyatlarımız bizim ÜDM-in 70 faizinə bərabərdir, birbaşa xarici borcumuz ÜDM-in 7 faizini təşkil edir".
İlham Əliyev qeyd edib ki, Azərbaycan-ABŞ münasibətləri ölkənin əsaslı şəkildə dəyişməsində çox vacib rol oynadı: "ABŞ apardığımız islahatlarda, enerji və regional təhlükəsizlik sahələrində etdiyimiz köklü dəyişikliklərdə həmişə yanımızda olub. Fikrimcə, bugünkü forum bunun ən parlaq nümunəsidir. Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında dostluq və tərəfdaşlığı davam etdirmək üçün forumda çoxlu maraqlı diskussiyalar, tapıntılar, əməkdaşlığın gələcək inkişaf yolları barədə səmimi fikir mübadiləsi aparılacaq".