...

"AtaTravel" yeni istiqamət təklif edir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2013 19:51 (UTC +04:00)
2013-cü il iyunun 12-də “Excelsior Hotel Baku” otelində baş tutmuş mətbuat konfransı “AtaTravel” MMC-nin Macarıstanın turizm sənayesi ilə tərəfdaşlıq əlaqələrinin qurulmasına həsr edilmişdir.
"AtaTravel" yeni istiqamət təklif edir (FOTO)

Azərbaycan, Bakı, 12 iyun /Trend/

2013-cü il iyunun 12-də "Excelsior Hotel Baku" otelində baş tutmuş mətbuat konfransı "AtaTravel" MMC-nin Macarıstanın turizm sənayesi ilə tərəfdaşlıq əlaqələrinin qurulmasına həsr edilmişdir.

Mətbuat konfransında "AtaTravel" şirkətinin baş direktoru Vüsal Əliyev, "AtaHolding" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Dilarə Zamanova, Azərbaycanın KİV və tur-operatorlarının nümayəndələri iştirak etmişlər.

Mətbuat konfransında qeyd edilmişdir ki, son vaxtlar Azərbaycanla Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri bütün sahələrdə, o cümlədən turizmdə də inkişaf edir. Belə ki, "AtaTravel" Macarıstanın "1000 yol" tur-operatorunun tərəfdaşı olmuş, həmçinin Budapeşt-Bakı- Budapeşt aviareyslərini həyata keçirəcək "WizzAirr" aviaşirkəti ilə sıx əməkdaşlıq edir. Macarıstan Azərbaycandan olan turistlər üçün yeni, cəlbedici istiqamətdir. İndi "AtaTravel"şirkəti Macarıstanla turizm əlaqələrinin qurulması və inkişafı ilə məşğuldur. Bu çərçivədə, Macarıstanın "1000 yol" şirkəti və "WizzAirr" aviaşirkəti ilə KİV, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri üçün 2013-cü il iyunun 22-dən 28-dək info-turun keçirilməsi barədə razılıq əldə edilmişdir.

"AtaTravel" şirkətinin baş direktoru Vüsal Əliyev info-turla bağlı bildirdi: "Macarıstana qarşıdakı info-turun gedişində rəsmi şəxslərlə görüşlər, əməkdaşlığın istiqamətlərinin müzakirəsi, texniki detalların razılaşdırılması, perspektiv üçün müştərək planların işlənib hazırlanması və s. planlaşdırılmışdır. Bununla belə, biz öz fəaliyyətimizdə Azərbaycana turistlərin cəlb edilməsinə həmişə diqqət ayırırıq, yəni ikitərəfli turist axınını təmin edirik. Bunun üçün biz bu ilin sentyabr ayında artıq macar tur-operatorları üçün Azərbaycana info-turun təşkili məsələsini işləyib hazırlayırıq".

"AtaHolding" ASC-nin Kommunikasiya şöbəsinin rəisi Dilarə Zamanova bildirmişdir ki, "WizzAirr" aviaşirkətinin həyata keçirəcəyi Budapeşt-Bakı-Budapeşt birbaşa aviareysinin açılması çox mühüm önəm daşıyır. "WizzAirr" aviaşirkəti 43 Airbus A320 təyyarəsi olan parka malikdir, 2012-ci ildə bu şirkət tərəfindən 70 marşrut, 94 istiqamət üzrə dünyanın 33 ölkəsinə 12 milyon sərnişin daşınmışdır. Rəsmi açılışı iyunun 18-də həyata keçiriləcək bu aviareys Avropaya səyahətin ən effektiv və qənaətli üsulu olacaq. Turizm biznesinin xüsusiyyətlərindən biri ondan ibarətdir ki, istehlakçılara yalnız müntəzəm olaraq yeni xidmət və yeni istiqamətlərin təqdim edilməsi ilə uğur qazanmaq mümkündür. Bizim turizm üçün Macarıstan yeni istiqamətdir.

Qeyd etmək lazımdır ki, bu ölkənin turizm sektorunun infrastrukturu çox inkişaf etmişdir, keyfiyyətli xidmətlər, dağ landşaftı ilə gözəl təbiət - bütün bunlar bütün dünyadan gələn turistləri cəlb edir".

Bütövlükdə, turizm Macarıstan iqtisadiyyatının əsas hissələrindən birini təşkil edir. Təkrarsız paytaxt-kurort Budapeşt, qonaqpərvərlik, minillik mədəniyyət, məsum təbiət, şəfalı sular, musiqi və xalq yaradıcılığı, Balaton gölü, tarixi abidələr, aktiv istirahət, macar mətbəxi, yaxşı alış-veriş - Macarıstan sənayesinin başlıca tərkib hissələridir.

Turizm istiqaməti ilə yanaşı, planlarımızda təhsil sahəsində də əməkdaşlığın inkişafı nəzərdə tutulub. Debresen Universiteti ilə əlaqələr qurmaq planlaşdırılır. Bu universitet 1868-ci ildə yaradılmışdır, onun 15 fakültəsində 30 mindən artıq tələbə təhsil alır, əcnəbi tələbələrin sayı isə dünyanın 50 ölkəsindən 4 min nəfər təşkil edir. Bu universitetdə bütün fakültələr olduğundan, maraqlı perspektivləri vardır, o cümlədən dövlətlərarası mübadilə çərçivəsində.

"AtaTravel"in nümayəndələri jurnalistlərin suallarını cavablandıraraq, qeyd etmişlər ki, miqyaslı info-turların keçirilməsi şirkətin strateji siyasətindən və turizm biznesinin spesifikasından irəli gəlir. Bu artıq ikinci miqyaslı info-turdur. Bundan əvvəl, may ayının əvvəlində "AtaTravel" Bakı-Qəbələ-Naftalan-Gəncə marşrutu üzrə Rusiyanın 30 turizm şirkəti üçün Rusiya turizm biznesinin Azərbaycana cəlb edilməsinə yönəldilmiş info-tur təşkil etmişdi.

"AtaHolding" ASC Şirkətlər Qrupuna daxil olan "AtaTravel" MMC turizm agentliyi 2011-ci ildə təsis edilmişdir. "AtaTravel" MMC turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təqdim edir. Şirkət öz müştərilərinə otellərin, transferlərin, təyyarə biletlərinin və turların, sığorta və vizaların qabaqcadan bronlaşdırılması üzrə xidmətlər göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti