Azərbaycan, Bakı, 18 iyul /Trend/
İyun ayında Azərbaycanda satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,0 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 3,5 faiz ucuzlaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri 0,4 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,8 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, birillik bitkilərdən kələmin istehsalçı qiymətləri 0,5 faiz, göyərtilərin istehsalçı qiymətləri 0,3 faiz bahalaşıb, buğdanın istehsalçı qiymətləri 1,2 faiz, arpanın 6,4 faiz, kartofun 0,2 faiz, göy lobyanın 4,2 faiz, pomidorun 1,2 faiz, xiyarın 62,3 faiz, baş soğanın 0,4 faiz, baş sarımsağın 6,7 faiz, quru otun 0,1 faiz, yoncanın istehsalçı qiymətləri isə 4,7 faiz ucuzlaşıb.
Çoxillik bitkilərdən alçanın istehsalçı qiymətləri 4,2 faiz, çiyələyin 6,9 faiz, fındığın istehsalçı qiymətləri 11,7 faiz ucuzlaşıb, almanın istehsalçı qiymətləri 3,5 faiz, limonun 5,4 faiz, qozun istehsalçı qiymətləri isə 0,3 faiz bahalaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 0,6 faiz, qoyun ətinin (diri çəkidə) 0,6 faiz, mal ətinin (diri çəkidə) 2,0 faiz, quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri 10,3 faiz bahalaşıb. Bu bahalaşma ilə yanaşı, ay ərzində inəyin istehsalçı qiymətləri 1,3 faiz, camışın 0,3 faiz, südün 0,7 faiz, yumurtanın istehsalçı qiymətləri isə 0,5 faiz ucuzlaşıb.