...

Azərbaycanda istehsal edilmiş ÜDM-in həcmi 5 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2013 19:30 (UTC +04:00)
2013-cü ilin birinci yarısında ölkədə istehsal edilmiş ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,0 faiz artaraq 27,2 milyard manata çatıb, onun əhalinin hər nəfərinə düşən həcmi isə 3,7 faiz artaraq 2936,3 manat (3741,9 ABŞ dolları) təşkil edib.
Azərbaycanda istehsal edilmiş ÜDM-in həcmi 5 faiz artıb

Azərbaycan, Bakı, 19 iyul /Trend/

2013-cü ilin birinci yarısında ölkədə istehsal edilmiş ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,0 faiz artaraq 27,2 milyard manata çatıb, onun əhalinin hər nəfərinə düşən həcmi isə 3,7 faiz artaraq 2936,3 manat (3741,9 ABŞ dolları) təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ÜDM-in 63,9 faizi istehsal sahələrində, o cümlədən 48,6 faizi sənayedə, 10,9 faizi tikintidə, 4,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 29,6 faizi isə xidmət sahələrinin payına düşüb.

Xidmət sektorunda əlavə dəyər istehsalının 25,0 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 18,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,7 faizi informasiya və rabitə xidmətləri göstərən sahələr, 43,4 faizi isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 6,5 faizini təşkil edib.

Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 49,3 faizdən 54,3 faizədək yüksəlib.

Ümumi daxili məhsulun 45,7 faizi neft-qaz sektorunun payına düşüb və əvvəlki ilə nisbətən 0,7 faiz azalıb.

Cari ilin altı ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyər 35,5 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 21,1 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,1 faiz, informasiya və rabitə xidmətlərində 7,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,4 faiz, nəqliyyat və anbar təsərrüfatında 3,8 faiz, sosial və digər xidmət sahələrində 3,0 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti