Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir A.Axundov/
2013-ci ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 8194 inzibati qanun pozuntusu aşkar edilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi DGK-nın yaydığı məlumatda deyilir.
Onlardan 81-i qanunsuz keçməyə cəhd, 151-i əşya, mal və ya pul vəsaitlərinin gizli keçirilməsi, 7019-u isə sənədlərin təqdim edilməməsi ilə bağlıdır.
Həmçinin, hesabat dövrü ərzində cinayət xarakterli gömrük qanunvericiliyinin pozulması üzrə 152 fakt qeydə alınıb. Məlumata görə, 227 fakt qaçaqmalçılıqla, 106-sı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı olub.
Hesabat dövründə 99 kiloqram narkotik vasitə, 10,17 kiloqram psixotrop maddə ələ keçirilib. Həmçinin, 8 ədəd aksiz markaları olmadan malların idxalı faktı qeydə alınıb.
Bu faktlar üzrə yanvar-avqust aylarında şübhəli şəxs qismində 260 nəfər saxlanılıb.