...

Azərbaycanın sosial siyasəti ölkə vətəndaşlarını layiqli yaşayış səviyyəsi ilə təmin edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2013 16:42 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev növbəti beş il üçün ölkənin prioriteti sıralarında düşünülmüş sosial siyasətin həyata keçirilməsini qeyd edib. Dövlət başçısı andiçmə mərasimində çıxışında deyib: "Azərbaycanda güclü və ciddi iqtisadi islahatlar düşünülmüş sosial siyasətlə tamamlanır. Sosial məsələlərin həlli üçün böyük vəsait ayrılır".
Azərbaycanın sosial siyasəti ölkə vətəndaşlarını layiqli yaşayış səviyyəsi ilə təmin edəcək

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Ellada Xankişiyeva, Trend-in Analitik Mərkəzinin rəhbəri

Azərbaycan Prezidenti İlham Əliyev növbəti beş il üçün ölkənin prioriteti sıralarında düşünülmüş sosial siyasətin həyata keçirilməsini qeyd edib. Dövlət başçısı andiçmə mərasimində çıxışında deyib: "Azərbaycanda güclü və ciddi iqtisadi islahatlar düşünülmüş sosial siyasətlə tamamlanır. Sosial məsələlərin həlli üçün böyük vəsait ayrılır".

Həqiqətən də son 10 ildə Azərbaycanın sürətli inkişafı sosial sahədə irimiqyaslı islahatlar aparmağa imkan yaradıb. Azərbaycan hökuməti iqtisadi islahatlardan əldə edilən gəlirlər hesabına sosial proqramları genişləndirib. Belə ki, dövlət başçısının son 10 ildə imzaladığı fərman və sərəncamlar, həmçinin xüsusi dövlət proqramları əhalinin sosial müdafiəsini gücləndirib. Maliyyə imkanları möhkəmləndikcə ölkədə həyata keçirilən sosial tədbirlərin sayı artır.

Azərbaycanda 10 il ərzində yoxsulluğun təxminən 10 dəfə - 49 faizdən 5,5 faizədək azalması faktı buna sübutdur. Azərbaycan hökuməti 2015-ci ilə ölkədə yoxsulluq problemini tamamilə həll etməyi planlaşdırır. Bunun üçün ölkədə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" uğurla icra edilir.

Vətəndaşların məşğulluqla təmin edilməsi üzrə iş yoxsulluğun səviyyəsinin azaldılmasına böyük töhfə verib. Prezident İlham Əliyev deyib: "Son 10 il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılıb ki, onlardan 900 mini daimi iş yeridir. İşsizlik kimi ciddi problemin böyük hissəsi demək olar ki, həllini tapıb. İşsizliyin səviyyəsi təxminən 5 faiz civarındadır. Ancaq elə etməliyik ki, biz növbəti illərdə işsizliyi tamamilə aradan qaldıraq".

Əməkhaqqı sistemi mütəmadi olaraq təkmilləşdirilir, həmçinin pensiya, maaş və müavinətlərin mütəmadi və davamlı ödənişi tətbiq edilib. Son 10 il ərzində orta əməkhaqqı 5,6 dəfə, orta pensiya isə 9,2 dəfə artıb. Cari ilin sentyabrında minimum əməkhaqqının həcmi və pensiyanın baza hissəsi, müvafiq olaraq, 105 və 100 manata çatdırılıb. Növbəti ildən isə ünvanlı sosial yardımın təyin edilməsi məqsədi ilə yaşayış minimumu və ehtiyac meyarı göstəriciləri, müvafiq olaraq, 125 və 100 manatadək artırılacaq. Vaxt ötdükcə Azərbaycanda minimum əməkhaqqı yaşayış minumumu səviyyəsinə çatdırılacaq. Bu, yoxsulluq səviyyəsinin daha da azaldılmasına gətirib çıxaracaq.

Azərbaycanda çevik sosial müavinətlər sistemi mövcuddur. Son 10 ildə onların həcmi 2,5 dəfə artıb. 2006-cı ildə ölkədə yeni sosial müdafiənin əsasının qoyulmasını təmin edən ünvanlı sosial yardımın verilməsi prosesinə başlanıldı.

Bununla da sosialyönümlü proqramlar və hökumətin qərarları sayəsində əhalinin gəlirlərinin artım tempi 10 il əvvəlki göstəricini 7 dəfə üstələdi. Bu gün əhalinin gəlirləri və xərcləri arasında fərq getdikcə birinci göstəricinin xeyrinə artır.

Yaşayış səviyyəsinin artırılması və yoxsulluğun azaldılmasında dövlət büdcəsinin sosial yönümlü olması və təhsil, səhiyyə, mədəniyyət, incəsənət və s. sahələrdə nəzərdə tutulan islahatlar öz rolunu oynayır. Sosial infrastrukturun yaradılması üçün böyük vəsait səfərbər edilib. Son 10 il ərzində Azərbaycanda 2700 məktəb, 500-ə yaxın xəstəxana, 35 olimpiya mərkəzi tikilib, tarixi abidələrimiz bərpa edilib.

Dövlətin sosial siyasəti ölkənin bölgələrinə xüsusi diqqət ayırır. Dövlət başçısı qeyd edib: "Son 10 ildə Azərbaycanda iki regional beşillik proqram icra edilib. Bölgələr abadlaşdı, canlandı. Bölgələrdə infrastruktur yaradıldı və regional proqramların icrası nəticəsində bölgələrlə paytaxt arasında fərq azaldı".

Cəmiyyətdə əhali üçün əlverişli sosial ab-havanın yaradılması, bütün ölkə miqyasında istehsalatın artımının sürətlənməsi, yeni iş yerlərinin açılması və əhalinin məşğulluqla təmin edilməsi vətəndaşlarımızın davamlı və sabit artımlı gəlirləri üçün əsas təşkil edə bilər və dövlətin sosial siyasətinin birbaşa məqsədləridir. Prezident İlham Əliyevin dediyi kimi, "layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti