Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir R.Hafizoğlu/
Türkiyə qumar oyunlarında banka qeyri-leqal pul qoymaq üçün istifadə edilən kredit kartlarını ləğv edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyənin bank nəzarəti orqanının (BDDK) saytında yerləşdirilən xəbərdə deyilir.
Məlumata görə, bank nəzarəti orqanı artıq ölkənin bütün banklarına qumar oyunlarında banka qoymaq üçün istifadə edilən kredit kartlarının aşkar edilməsi barədə xəbərdarlıq göndərib.
Məlumatda deyildiyi kimi, hazırda Türkiyə əhalisi 56,5 milyon kredit və 96,6 milyon debet kartlardan istifadə edir.
Bundan başqa bildirilir ki, ölkədə kredit kartlarla illik ödənişlərin həcmi 34,6 milyard türk lirəsi təşkil edir. Bununla yanaşı, ölkədə istifadə olunan kredit kartlarının 30 faizi 2 min lirəyədək, 10 faizi 10 min lirəyədək, 4 faizi 20 min lirədən çox müəyyən edilmiş limitə malikdirlər.
Məlumatda deyilir ki, ölkədə aktiv olmayan bütün kartlar ləğv ediləcək.