Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir İ.İzzət/
Milli Məclisin dekabrın 27-də keçirilən iclasında "Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında" Qanun layihəsi müzakirə olunub.
Trend-in məlumatına görə, parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, qanun banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin 2014-cü il yanvarın 1-dən etibarən 1 il müddətinə gəlir vergisindən azad edilməsini nəzərdə tutur.
Z.Səmədzadə bildirib ki, bu qanun 60 milyon manat vəsaitin əhalidə qalmasına imkan verəcək: "Azərbaycanda əhalinin banklarda 6 milyard manatdan çox əmanəti var. Bundan il ərzində 600 milyon manat gəlir götürülür. Fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizilərin gəlir vergisindən azad edilməsi ilə 50-60 milyon manat vəsait əhalidə qalacaq".
Qanun layihəsi qəbul edilib.