...

Heydər Əsədov: Bakıda təşkil edilən ənənəvi yarmarkaların təkmilləşdirilməsi planlaşdırılır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2013 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

Dekabrın 28-də Xətai rayonunda, "Bakı" kinoteatrının yaxınlığındakı yarmarkaya Salyan, Biləsuvar, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara və digər rayonlardan 400 tona yaxın müxtəlif kənd təsərrüfatı məhsulları gətirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti daha çox cəlb edib. Yarmarkanın yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılıb. Nəzarət tərəzisi qoyulub, lövhələrdə qiymətlərin bazardakılarla müqayisəsi göstərilib.

Yarmarkada kartof, soğan, meyvə, tərəvəz, ağartı və ət məhsulları və s. satılır. Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Fitosanitar Nəzarəti və Dövlət Baytarlıq xidmətləri tərəfindən diqqətlə yoxlanılır. Yarmarkada qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manat 50 qəpiyə, soğan 45-60, kartof 70-90, yumurtanın 1 ədədi 10 qəpiyə və s. satılır.

Kənd təsərrüfatı naziri Heydər Əsədov və Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov yarmarkaya gələrək burada satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış olub, məhsulların keyfiyyəti, paytaxt sakinlərinin rəy və təklifləri ilə maraqlanıblar.

H.Əsədov jurnalistlərə müsahibəsində bildirib ki, yarmarkadakı qiymətlər bazarlardakından xeyli aşağıdır. Bakıya kifayət qədər kənd təsərrüfatı məhsulları gətirilib. 7 ildir fəaliyyət göstərən yarmarkaların məqsədi paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəməkdir.

Nazir vurğulayıb ki, paytaxtda təşkil edilən ənənəvi yarmarkaların təkmilləşdirilməsi planlaşdırılır və bu, artıq zamanın tələbidir. Dünya təcrübəsində bu yarmarkaların arxasında meyvə-tərəvəz logistik bazaları dayanır. Meyvə-tərəvəz logistik bazalarının təşkili, yarmarkalarla onlar arasındakı əlaqə yeni sxem üzərində qurulacar. Logistik bazalarda iaşə obyektlərindən tutmuş, anbarlara, xidmətlərə və daşınmalara qədər hər şey təşkil olunacaq. Yarmarkalar dünya ölkələrinin təcrübəsinə uyğun formada təşkil ediləcək. Bu proses müəyyən vaxt tələb edir.

Qeyd edək ki, Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Bakının müxtəlif yerlərində satış yarmarkaları təşkil olunub. Yarmarkalar dekabrın 28-dən 31-dək davam edəcək.

Ümumilikdə indiyədək 792 yarmarka keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti