Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir E.Əliyev/
2013-cü ilin yekunları üzrə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artaraq 57,7 milyard manata çatıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin dərc etdiyi hesabatda deyilir.
Hesabata görə, əhalinin hər nəfərinə 6 207,3 manatlıq (7 912,5 ABŞ dolları) əlavə dəyər istehsal olunub ki, bu da il ərzində 4,4 faizlik artım deməkdir.
Göstərilən dövrdə ÜDM-in 63,4 faizi istehsal sahələrində formalaşıb ki, bunun 46,3 faizi sənayedə, 11,8 faizi tikinti kompleksində, 5,3 faizi kənd, meşə və balıqçılıq təsərrüfatlarında istehsal olunub. ÜDM-in 30,2 faizi xidmət sektorunda yaradılıb. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,4 faizini təşkil edib.
Xidmət sektorunda ÜDM-in 7,1 faizi nəqliyyat vasitələrinin ticarəti və təmiri, 5,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,8 faiz turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və kommunikasiya xidmətləri, 14,7 faiz sosial və xidmət sahələrinin payına düşür.
Hesabatda deyilir ki, ötən ilin analoji dövrü ilə müqayisədə iqtisadiyyatın qeyri-neft sektoru 10 faiz artıb və ümumi daxili məhsulda onun payı 56,6 faiz təşkil edib.
Ötən ilin analoji dövrü ilə müqayisədə 2013-cü ildə tikintidə əlavə dəyər istehsalı 23 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə 16 faiz, nəqliyyat vasitələrinin ticarəti və təmiri 9,9 faiz, informasiya və kommunikasiya xidmətləri 10,7 faiz, kənd, meşə və balıqçılıq təsərrüfatlarında 4,9 faiz, nəqliyyat və anbar təsərrüfatında 6,3 faiz, sosial və xidmət sahələrində 4,9 faiz təşkil edib.