...

Azərbaycan və Dünya Bankı arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2014 19:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Dünya Bankı arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Ş.Mustafayev müasir beynəlxalq təcrübənin tətbiq olunması, nəzarət və şəffaflığın yüksək səviyyədə təmin edilməsi, ən qabaqcıl texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi nöqteyi-nəzərindən beynəlxalq maliyyə institutları ilə müştərək icra olunan layihələrin ölkə üçün əhəmiyyətindən bəhs edərək bu istiqamətdə Dünya Bankı ilə əməkdaşlığa xüsusi diqqət verildiyini vurğulayıb.

Qeyd edilib ki, indiyədək Dünya Bankı tərəfindən Azərbaycana 50 layihə çərçivəsində 3,2 mlrd. dollar kredit ayrılıb. Hazırda 17 layihənin icrası davam edir. Bu ilin yanvarın 10-da İqtisadiyyat və Sənaye Nazirliyində Dünya Bankı ilə "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi üzrə əlavə maliyyələşmə sazişi imzalanıb. 2014-2016-cı illəri əhatə edən bu layihə çərçivəsində Balaxanı poliqonunun tam reabilitasiyası, ölkə üzrə məişət tullantıları strategiyasının, habelə müvafiq tədbirlər planının hazırlanması nəzərdə tutulur. Ekoloji layihələrin davamı olaraq, Bakı şəhərində göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması sahəsində Dünya Bankı ilə əməkdaşlıq barədə müzakirələrin aparılması da məqsədəuyğun hesab edilib.

Görüşdə, həmçinin Azərbaycanda sənaye parklarının fəaliyyətinin beynəlxalq təcrübəyə uyğun təşkili istiqamətində Dünya Bankı ekspertləri ilə müvafiq danışıqların aparıldığı, sənaye parklarının tənzimləyici sənədlərinin təkmilləşdirilməsi, potensial rezidentlər üçün təşviqat tədbirləri, o cümlədən təcrübə mübadiləsi kimi əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirildiyi diqqətə çatdırılıb, regionların sosial-iqtisadi inkişafına dəstək verilməsi çərçivəsində Azərbaycanın müxtəlif rayonlarında, xüsusilə qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciklərin yaxınlığında pilot sənaye məhəllələrinin yaradılması sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

H.Kerali Dünya Bankının ölkəmizlə əməkdaşlıq sahəsində fəaliyyətini Azərbaycan hökumətinin müəyyənləşdirdiyi prioritetlərə uyğun şəkildə qurulduğunu vurğulayıb və hazırlanmaqda olan 2015-2019-cu illər üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsində ölkə iqtisadiyyatının diversifikasiyası, qeyri-neft sektorunun, habelə qeyri-neft sənayesinin inkişafının əsas hədəflər kimi müəyyən olunacağını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti