...

Səlim Müslümov Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Lesçenkonu qəbul edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2014 11:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Dünya Bankının (DB) Azərbaycan üzrə meneceri Larisa Lesçenkonu qəbul edib.

ƏƏSMN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə S. Müslümov DB ilə birgə icra olunan "Sosial Müdafiənin İnkişafı Layihəsi"nin işsiz və işaxtaran vətəndaşlara, eləcə də əhalinin sosial cəhətdən həssas qruplarına göstərilən xidmətlərin təkmilləşdirilməsində, əmək hüquqlarının təminatına dövlət nəzarətinin maddi-texniki və institusional potensialının artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Layihə çərçivəsində aktiv əmək bazarı proqramlarının düzgün idarə olunması üçün informasiya və idarəetmə sisteminin yaradıldığını, İSCO 88/08-ə uyğun təkmilləşmiş peşə və müvafiq təlim standartlarının hazırlandığını da qeyd edən nazir aparılan işlərin qeyd olunan sahələrdə fəaliyyətin müasir beynəlxalq standartlara cavab verən yanaşmalar əsasında qurulmasına imkanlar yaratdığını deyib.

S.Müslümov hazırda qabaqcıl dünya təcrübəsi əsasında əlil şəxslərin tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi, həmin vətəndaşlar üçün yeni reabilitasiya xidməti növlərinin tətbiq olunması, əlilliyin müəyyən edilməsi meyarlarının beynəlxalq standartlara uyğunlaşdırılması işlərinə başlanıldığını vurğulayıb: "İnkişaf etmiş ölkələrin təcrübəsindən yararlanaraq ölkəmizin inkişafı ilə uzlaşan, müasir tələblərə cavab verən sosial müdafiə sisteminin qurulması məqsədilə nazirliyin fəaliyyət sahələri üzrə ciddi islahatlar həyata keçirilir. Nəzərdə tutulan institusional islahatların və qanunvericiliyin təkmilləşdirilməsinin daha bir nəticəsi kimi, əhaliyə xidmət sahələrində şəffaflığın təmin olunması tam reallaşacaq, göstərilən xidmətlər daha keyfiyyətli olacaqdır".

Nazir qarşıdakı dövrdə əməkdaşlığın əhaliyə xidmət sektorlarında, o cümlədən sosial yardım və əlillik təyinatı sahələrində şəffaflıq və ünvanlılığa xidmət edən və qabaqcıl dünya təcrübəsinə uyğun sivil metodların tətbiqi istiqamətində də davam etdirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.

Görüşdə layihənin icrası sahəsində mövcud vəziyyət nəzərdən keçirilib, əldə olunmuş nəticələr və qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti