Azərbaycan, Bakı, 14 may /Trend/
İranın Gömrük İdarəsi Astarada Azərbaycanla birgə sərhəd buraxılış məntəqəsi açmağı planlaşdırır. Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Astara (İran) Gömrük İdarəsinin rəisri Həmid Rza Məhəmmədi bildirib.
Onun sözlərinə görə, birgə məntəqə sərhədi keçmək üçün şəraitin yaxşılaşdırılmasına və sərhəd yoxlaması prosedurunun vaxtına qənaət etməyə imkan verəcək.
H.R.Məhəmmədi qeyd edib ki, İran Astara buraxılış məntəqəsində işi 12 saatdan 24 saatadək artırmağa hazırdır.
İdarə rəisi, həmçinin regionun iş adamlarını tənqid edərək bildirib ki, onlar Xəzəryanı ölkələr arasında ticarətin artırılması üçün Astarada çoxməqsədli limanın potensialından istifadə etməlidirlər: "Beş əsas liman - Azərbaycanda Bakı, Rusiyada Həştərxan və Mahaçqala, Qazaxıstanda Aktau, Türkmənistanda isə Türkmənbaşı Xəzər dənizində dəniz daşımaları üçün böyük imkanlar yaradır".
Digər tərəfdən, Astara şəhərinin qubernatoru Siruş Şəfəqi hesab edir ki, İran Azərbaycandan başqa, Rusiya, Qazaxıstan və Türkmənistan da daxil olmaqla, digər Xəzəryanı dövlətlərlə yaxşı əlaqələrə malikdir: "Administrasiya Astarada limanın fəaliyyətini stimullaşdırmalıdır. Bu, şəhərin inkişafı üçün zəruridir".