Azərbaycan, Bakı, 29 may /Trend/
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ölkədə sığorta bazarının inkişafına verdiyi əvəzsiz töhfəyə görə xüsusi mükafata layiq görülüb.
Mükafatlandırma mərasimi Rumıniyada keçirilən FIAR-2014 - Beynəlxalq Sığorta və Təkrarsığorta Forumunda keçirilib.
"XPRIMM Insurance Report" beynəlxalq sığorta jurnalı tərəfindən təşkil edilən FIAR-2014-ün ilk günü "Təkrarsığorta mükafatları"ının rəsmi açılış mərasimi olub. Tədbir çərçivəsində ən yaxşı təkrar sığorta və broker şirkətləri mükafatla təltif olunub. Təkrarsığorta sahəsinin qalibləri bunlardır:
PARTNER Re - "İlin təkrarsığortaçısı"
TRUST Re - "İlin ən dinamik təkrarsığortaçısı"
AON Benfield - "İlin təkrarsığorta brokeri"
JLT Towers Re - "İlin ən dinamik təkrarsığorta brokeri"
Forum çərçivəsində ötən il dinamiklik və inkişafa görə bazarın oyunçularına xüsusi mükafat da təqdim olunub. Bu il sürətli inkişaf edən, yüksək potensial və biznes imkanlarına malik bazarın - Azərbaycanın sığorta bazarının təmsilçiləri mükafatlandırılıb. Bunlar Azərbaycan Sığortaçılar Assosiasiyası, "Azsığorta" ASC və "Paşa Həyat Sığorta" ASC-dir.
ASA sığorta bazarının inkişaf etdirilməsinə verdiyi töhfəyə görə mükafatlandırılıb. "Azsığorta" qeyri-sığorta bazarında, "PAŞA Həyat Sığorta" şirkəti isə həyat sığortası bazarında ən dinamik artıma görə xarici bazar tərəfindən qiymətləndirilib və mükafatlandırılıb.
Qeyd edək ki, Beynəlxalq Sığorta və Təkrarsığorta Forumu 1998-ci ildən təşkil edilir. Tədbirdə hər il 500-dən artıq nümayəndə iştirak edir. Tədbirin keçirildiyi ilk illərdə iştirakçılar yalnız Rumıniya və ona qonşu ölkələrdən qatılırdısa, hazırda Avropanın sığorta, təkrarsığorta, bank, lizinq, konsultant, audit, İT və kommunikasiya sənayesi şirkətlərinin lider və mütəxəssisləri FIAR-ı Şərqi Avropanın ən böyük sığorta tədbirinə çevirib. Forum hər il bir ölkənin təmsilçiliyi ilə keçirilir. Bu il təmsilçi tərəf Azərbaycandır. Ölkəmiz bu tədbirə 3 nəfərlik heyətlə qatılıb.
Qeyd edək ki, "XPRIMM Insurance Report" beynəlxalq jurnalının 10-cü nəşri FIAR-2014 çərçivəsində təqdim olunub və oxuculara dünyanın 32 ölkəsindən əldə olunan nailiyyətlər və nəticələri, ən iri sığorta bazarlarının tam təhlilini təqdim edir.