...

Dünya Bankı Azərbaycan iqtisadiyyatının artımı üzrə proqnozlara yenidən baxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2014 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E.Əliyev/

Dünya Bankı (DB) Azərbaycan ÜDM-nin artımı üzrə proqnozlara azalma tərəfdən yenidən baxıb. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü dərc olunmuş "Qlobal iqtisadi perspektivlər" ("Global Economic Prospects") adlı məruzəsində deyilir.

Məruzədə qeyd olunur ki, bank il ərzində ölkə ÜDM-nin 5,2 faiz artacağını güman edir. 2014-cü ilin yanvarında dərc olunmuş proqnozda bank milli iqtisadiyyatın artım sürətinin 5,3 faiz səviyyəsində olacağını gözləyirdi.

Bank qarşıdakı illər üçün gözləntilərə də yenidən baxıb: belə ki, DB ehtimal edir ki, 2015-ci il üzrə ÜDM-in artım proqnozu 4,1 faiz, 2016-cı ildə isə 3,6 faiz təşkil edəcək.

DB bundan əvvəlki proqnozunda artımı müvafiq olaraq 4,5 və 3,9 səviyyəsində müəyyən etmişdi.

Beynəlxalq Valyuta Fondu da milli iqtisadiyyatın artım tempinin bu ilin yekunları üzrə 5 faizdən 2015-ci ilin sonunda 4,6 faizədək azalacağını proqnozlaşdırır.

DSK-nın məlumatına görə, cari ilin yanvar-aprel aylarında Azərbaycanda ÜDM ildə 3,96 faizlik nominal artımla 18,2 milyard manat təşkil edib.

İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən hazırlanmış Azərbaycanın ictimai-iqtisadi inkişafının konsepsiyasına əsasən, 2014-cü ildə ölkə ÜDM-nin real artımının 5,2 faiz səviyyədə olacağı gözlənilir. 2015-ci ildə ÜDM-in həcmi 59,4 milyard manat (5,8 faiz artım) səviyyəsində proqnozlaşdırılır.

DB, həmçinin cari əməliyyat hesabları profisitinin ÜDM-ə nisbəti üzrə proqnozları da azaldıb - 2014-cü ildə 15,9 faizdən 12,6 faizədək, 2015-ci ildə 12,5 faizdən 8,1 faizədək, 2016-cı ildə isə 12,5 faizdən 5,6 faizədək.

BVF bu göstəricinin 2014-cü ildə ÜDM-in 15 faizi səviyyəsində olacağını proqnozlaşdırır. 2015-ci ildə isə Azərbaycanın cari əməliyyatlar profisitinin 9,9 faizədək azalacağı gözlənilir. 2013-cü ildə bu göstərici ÜDM-in 19,7 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti