...

Şahin Mustafayev Ağdamda vətəndaşların müraciətlərini və təkliflərini dinləyib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2014 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Dövlət başçısının tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir, vətəndaş müraciətləri dinlənilir, qaldırılan məsələlərin və təkliflərin operativ həlli üçün müvafiq tədbirlər görülür. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin vətəndaşlarla növbəti görüşü Ağdamın Quzanlı qəsəbəsində keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ağdam Olimpiya İdman Kompleksində təşkil olunmuş qəbulda Ş.Mustafayev Xocavənd, Ağdam və Ağcabədi rayonlarından olan vətəndaşların müraciətlərini və təkliflərini diqqətlə dinləyib.

Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, kredit ittifaqının yaradılması, istehsal və emal müəssisələrinin təşkili, əkin sahələrinin suvarılması üçün şəraitin yaradılması, artezian quyunun qazılması, musiqi kolleci üçün yeni binanın tikintisi, məktəb binasında əlavə infrastrukturun yaradılması, uşaq bağçasının təmiri və ya yeni binanın tikintisi, kənd yolunun çəkilişi, xalçaçılıq müəssisəsinin yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Qəbul zamanı vətəndaşların bir sıra müraciətləri yerindəcə həllini tapıb, digər məsələlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinə tapşırıqlar verilmişdir. İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbul zamanı sahibkarlarla regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi barədə müzakirələr aparılıb, onların təklifləri dinlənilib, heyvandarlıq, quşçuluq, istixana və balıqçılıq təsərrüfatlarının yaradılması, süd emalı müəssisənin təşkili və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da Ş.Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə və fərdi yanaşılıb, müraciətlərin qanunauyğun və operativ həlli üçün müvafiq tədbirlər görülüb.

Ümumilikdə qəbulda 100-dən çox vətəndaş iştirak edib.

Qeyd edək ki, Ağdamda təşkil edilmiş vətəndaş qəbulu iqtisadiyyat və sənaye nazirinin bölgələrdə keçirilən sayca 20-ci qəbuldur. Vətəndaşların qəbulu barədə ictimaiyyətin ətraflı məlumatlandırılması məqsədilə əvvəlcədən kütləvi informasiya vasitələrində elanlar verilib və qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilib. Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı və əlaqə nömrələri, 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin internet və "facebook" səhifələri vasitəsilə qəbula yazılıblar.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya, bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti