...

AIIF 2014 - regionun sığorta bazarında mühüm hadisə olub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2014 12:34 (UTC +04:00)
AIIF 2014 - regionun sığorta bazarında mühüm hadisə olub
AIIF 2014 - regionun sığorta bazarında mühüm hadisə olub (FOTO)

Azərbaycan, Bakı, 27 iyun /Trend/

AIIF 2014 - Azərbaycan Beynəlxalq Sığorta Forumunda dünyanın ən aparıcı sığorta, təkrarsığorta və broker, İT və audit şirkətlərinin, eləcə də, Qafqaz regionu, Mərkəzi Asiya, Avropa, Türkiyə, Rusiya və MDB ölkələrinin dövlət və assosiasiyalarının 250-dən çox yüksək struktur nümayəndəsi iştirak edib.
Qafqaz Regionunun sığorta və təkrarsığorta bazarının perspektiv və yeni biznes istiqamətlərinə həsr olunan və regionun ən vacib tendensiya və perspektivlərini özündə əks etdirən tədbir 19-20 iyun, 2014-cü il tarixlərində, Bakıda baş tutub.
Forum Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi ilə keçirilib.
Forum çərçivəsində Azərbaycanın sığorta bazarının təbii fəlakət risklərindən sığorta, təkrarsığorta, tibbi sığorta kimi aktual mövzularına toxunulub. İkinci gün isə Forum öz işini "Avtomobil sığortası və zərərlərin tənzimlənməsi", "Risklərin idarə olunması" və "Həyat sığortası üzrə master klass" kimi tematik seminarlar şəklində davam etdirib.
Azərbaycanın sığorta bazarının artımı
5 il ərzində "beynəlxalq xarakter" alan və bir çox ölkənin iqtisadiyyatıyla bərabər, siyasi və sosial tərəflərini əhatə edən iqtisadi böhrana baxmayaraq, Azərbaycanın sığorta bazarı və ümumilikdə iqtisadiyyatında illik stabil artım qeydə alınır. Azərbaycanın iqtisadi göstəriciləri son 10 ildə 3 dəfə artıb.
Azərbaycan Respublikası Maliyyə Naziri Samir Şərifov, Forumda açılış nitqi zamanı Azərbaycanın sığorta bazarı son 8 ildə 6 dəfə, son 2 ildə isə 2 dəfə artaraq 543 milyon ABŞ dollarına çatdığını bildirib.
"8 il ərzində sığorta haqları iki dəfə artıb - ÜDM-də sığorta haqlarının payı 0,41%-dan 0,71%-dək yüksəlib. Sığortaçıların xalis mənfəəti 9 dəfədən çox artaraq - 84 milyon dollara çatıb, məcmu kapital - 8,9 dəfə artıb və 52 milyon dollardan 463 milyon dollara çatıb" - deyə Samir Şərifov əlavə edib.
Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi Siyasət Komitəsinin sədri, Millət vəkili Ziyad Səmədzadə qeyd edib ki, bu uğurlar Azərbaycanın sığorta qanunvericiliyinin beynəlxalq standartlara uyğun olması sayəsində əldə olunub.
AzRe təkrarsığorta şirkətinin idarə heyətinin sədri, Fuad Quliyev "Postsovet məkanının sığorta bazarında əsas istiqamətlər" mövzusunda olan təqdimatında həmçinin, Azərbaycanla digər MDB ölkələrinin sığorta bazarlarının inkişafını müqayisə edib.
Azərbaycanın ərazi və əhalisinin sayına görə MDB-də Rusiya, Ukrayna, Qazaxıstan, Belarus və Özbəkistandan sonra 6-cə yerdə olmasına baxmayaraq, ÜDM kimi ən vacib makroiqtisadi göstəricilər baxımından (53,53 milyard avro) Azərbaycan Rusiya, Ukrayna və Qazaxıstandan sonra 4-cü, adambaşına düşən ÜDM göstəricisinə görə Rusiya və Qazaxıstandan sonra (5 751 avro) 3-cü yeri tutur.
Qeyd olunan rəqəmlər Azərbaycanın sığorta bazarının yüksək potensiallı inkişafının göstəricisidir.
Fəlakət risklərindən sığorta daxılı - dövlət-özəl əməkdaşlıq
Hal-hazırda Azərbaycan Sığortaçılar Assosiasiyası və AR Maliyyə Nazirliyi dünyanın aparıcı təkrarsığorta şirkətləri ilə birlikdə fəlakət risklərindən sığorta daxılının modellərini araşdırırlar.
Almaniyanın MUNİCH Re şirkətinin müştərilərlə iş üzrə meneceri Yurgen Brukerin təqdimatında qeyd edilib ki, Azərbaycan əhalisinin böyük hissəsinin Abşeron yarımadasında, qismən Kür çayının Xəzər dənizi ilə sərhəd sahillərində yerləşdiyi üçün burada külək və daşqın hadisələrinin baş vermə riski daha böyükdür. Sığorta işi ilə məşğul olan təşkilat üçün ən effektiv addım "sığorta daxılı"nın yaradılması ola bilər. Bu fikir Almaniya, türkiyə, Meksika, Çili kimi ölkələrin müsbət təcrübəsinə əsaslanır.
Yurgen Brukerin sözlərinə görə, sığortanın uzunmüddətli perspektiv əsasında əhaliyə daha yaxşı siraət etməsi üçün təbii fəlakət risklərindən sığorta daxılının yaradılması məsələsini təbii fəlakət risklərindən yaşayış evlərinin icbari sığortası ilə paralel müzakirə etmək lazımdır.
Bu tip iş mexanizmi aşağıdakı sxemi nəzərdə tutur: əhali tərəfindən daşınmaz əmlakın icbari sığorta polisinin alınması, sahibkarların təbii fəlakət risklərinin sığorta şirkətləri tərəfindən qarşılanması, şirkətlərin özlərinin risklərinin isə sözügedən daxıla ötürülməsi.
İcbari tibbi sığorta - sağlamlığın qorunmasının təminatı
"Azərbaycan sığortaçıları mövcud problemlərə rəğmən, ölkədə icbari tibbi sığortanın (İTS) tətbiqinə hazırdırlar. Bununla yanaşı, biz tibb sahəsinin maliyyələşdirilməsi, akkreditasiya və tibbi protokolların hazırlanması və digər məsələlərlə bağlı çətinliklərlə üzləşəcəyimizi bilirik" - deyə PAŞA Sığorta şirkətinin Tibb departamentinin rəhbəri Rəna Mahmudova bildirib.
Almaniyanın fərdi tibbi sığorta Assosiasiyasının sədri - Mark Pyer-Moll da tibbi sığortanın tətbiqi ilə bağlı öz ölkəsinin təcrübəsini bölüşüb. O, öz təqdimatında tibb sahəsində dövlət və özəl sektorların birgə əməkdaşlığı əsasında tətbiq olunan "ikili" sistemin müsbət tərəfləri barədə danışıb.
2014-cü il üçün illik gəliri 53 550 avro təşkil edən şəxs özü qərar verə bilər - ona tibbi sığorta lazımdır ya yox, lazımdırsa məhz hansı: özəl və ya dövlət tibbi sığortası. Digərləri isə illik gəlirinin 8,9%-ni tibbi sığortaya yönəltməlidirlər. Bundan əlavə, işəgötürənlər də hər işçinin maaşının 7%-i həcmində sığorta haqqı ödəməlidir. Hal-hazırda Almaniyada 150-yə yaxın dövlət sığorta şirkəti tibbi sığorta xidməti göstərir.
Gürcüstanın tibbi sığorta təcrübəsi barədə ALDAGI şirkətinin fakultativ (könüllü) risklər şöbəsinin müdiri Şota Svanadze öz təqdimatında danışıb. 28 fevral 2013-cü il tarixindən Gürcüstanda müvafiq tibbi sığortası olmayan vətəndaşların maraq dairəsində olan ümumsəhiyyə proqramının reallaşdırılmasına başlanılıb. 2011-ci ildə Gürcüstanda tibbi sığortanın payı 62%, 2012-ci ildə 74% təşkil edirdi. 2013-cü ildə bu rəqəm 72,46%-a düşməklə, sığorta haqlarının ümumi həcmi 341,3 milyon lari (-18%) təşkil etdi. Mövcud situasiyanın əsas səbəbi ondan ibarətdir ki, özəl sığorta şirkətləri bu dövlət proqramından tamamilə kənarda qalacaqlar.
Azərbaycanda könüllü tibbi sığorta bazarının 99%-i korporativ müştərilər hesabınadır. 2013-cü ildə ölkənin sığorta bazarında könüllü tibbi sığortanın payı 16,13% təşkil edib.
Hal-hazırda Azərbaycanın əhalisi 9,5 milyon nəfər təşkil edir və İcbari Tibbi Sığorta (İTS) sistemi hər bir vətəndaşı minimum tibbi xidmətlərlə təmin etməyi öz qarşısında məqsəd qoyub.
Azərbaycanın təkrarsığorta bazarı bir ildə 25%-dən çox artıb
"Azərbaycanın sığorta bazarı Cənubi Qafqaz regionunun ən böyük sığorta bazarıdır. Onun region üzrə payı 57% təşkil edir. Yerli bazar, həmçinin kapitallaşdırma üzrə də liderdir və təkrarsığorta xidmətlərinin ən böyük istehlakçısıdır. Təkrarsığortaya gəldikdə, Azərbaycan bazarı yeganə təkrarsığorta şirkəti olan AzRe və bundan əlavə 10 təkrarsığorta lisenziyası almış sığorta şirkəti ilə təmsil olunur.
Azərbaycanda 2013-cü il ərzində təkrarsığorta haqlarının həcmi 26%-dan çox artıb.
HANNOVER Re, EVEREST Re, MİLLİ Re, TRUST Re və s. kimi dünyanın aparıcı təkrarsığorta şirkətlərinin təkrarsığorta haqları da eyni şəkildə artıb.
AİİF 2014 Forumunun İkinci günündə avtomobil sığortası, risklərin idarəedilməsi və həyat sığortası üzrə master klass mövzularında 3 seminar keçirilib.
İlk seminar çərçivəsində Qafqaz regionunun avtomobil sığortası bazarının ümumi icmalı verilib. Bundan başqa, seminar iştirakçıları sığorta ödənişləri üzrə zərərlərin optimallaşdırılması texnologiyaları, avtomobil sığortası üzrə ödənişlərin payı və Yaşıl kart sistemi üzrə yaxın əməkdaşlıq, həmçinin bu sistemin Qafqaz regionu üçün əhəmiyyətliliyi müzakirə olunub.
Azərbaycanın İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyevin sözlərinə görə, icbari avtomobil sığortası üzrə sığortaçıların zərərləri inzibati xərclərin azaldılması (o cümlədən, sığorta agentləri) hesabına aşağı düşə bilər.
İkinci seminar daxilində "Maliyyə qeyri-stabilliyi və geosiyasi təzyiqin mövcud olduğu dövrdə risklərin idarə edilməsi", "Enerji, qaz və neft sektoru, tikinti sahəsi üzrə risklərin idarə edilməsi üsulları" və "Ortaya çıxan risk və məlumatların idarə edilməsi" mövzularında müzakirələr aparılıb.
Həyat Sığortası üzrə master klass seminarı çərçivəsində Azərbaycanın həyat sığortası bazarının analizi aparılıb, əsas problem və tendensiyalar müzakirə olunub, mövcud seqment üzrə xarici ölkələrin biznes təcrübəsi öyrənilib, həmçinin 2014-cü il üzrə Azərbaycanın həyat sığortası bazarının proqnozu verilib. Xatırladaq ki, hal-hazırda, ölkədə 3 həyat sığortası şirkəti fəaliyyət göstərir: PAŞA Həyat, ATƏŞGAH Həyat və QALA Həyat.
"Şirkətlər bazar rəqabəti şəraitində fəaliyyət göstərirlər və hal-hazırda ölkə əhalisinin həyat sığortası məhsullarına olan tələbatını tam ödəyirlər. Ümumilikdə, həyat sığortası bazarının artım templəri 2014-cü ildə ölkənin ümumi sığorta bazarının artım templərini üstələyəcək. Azərbaycanda 2014-cü il üzrə həyat sığortası bazarının artımı 30-40% təşkil edə bilər" deyə Niyaz İsmayılov bildirib.
Forum çərçivəsində iştirakçılara, həmçinin Azərbaycanın sığorta/təkrarsığorta bazarın əsasları, tendensiya və perspektivlərini, eləcə də, 2013-cü il və 2014-cü ilin ilk rübünə dair statistik məlumatları özündə əks etdirən XPRIMM INSURANCE Profile Azerbaijan jurnalı təqdim olunub.
"Azərbaycan Sığortaçılar Assosiasiyası" - Azərbaycan Respublikasında fəaliyyət göstərən və birliyin üzvləri olan sığorta və təkrarsığorta şirkətlərinin inkişaf etməsinə köməklik göstərmək, onların sosial- iqtisadi, məlumat və digər inkişaf proqramlarını inkişaf etdirmək və bu sahədə elmi bilgiləri artırmaq məqsədilə fəaliyyət göstərir. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 28 sığorta və 1 təkrarsığorta şirkəti "Azərbaycan Sığortaçılar Assosiasiyası"İB-nin üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti