Azərbaycan, Bakı, 7 avqust/Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycan və İran Bakıda keçirilmiş danışıqların nəticələri əsasında iqtisadi əməkdaşlığın bir sıra vacib istiqamətləri üzrə razılaşmalar əldə ediblər. Trend-in məlumatına görə, bunu cümə axşamı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan-İran biznes forumunda deyib.
Nazirin sözlərinə əsasən, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının dünən keçirilmiş 9-cu iclasında iqtisadi əməkdaşlığın 10 vacib istiqaməti müzakirə olunub: "O cümlədən nəqliyyat sahəsində vacib sazişlər əldə edilib. İlk növbədə Şimal-Cənub dəhlizinin yenidən qurulması və onun buraxılış qabiliyyətinin artırılması ilə bağlı. İki ölkənin hökuməti bu istiqamətdə hər cür səy göstərəcək".
Onun sözlərinə görə, bu, İran və Azərbaycanın dəmiryolları xətlərinin birləşməsi anlamına gəlir: "Söhbət Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolundan gedir. İran tərəfi Qəzvin-Rəşt xəttinin tikintisi üzrə işlərin təqribən 80 faizini başa çatdırıb və hazırda qalan hissənin tikintisi üzrə işlər davam edir".
"Şimal-Cənub" əlaqəsinin açılması üçün Azərbaycan-Rusiya-İran 3 tərəfli konsorsium yaradılıb.
Ş.Mustafayev qeyd edib ki, hazırda yaradılmış işçi qrupu çərçivəsində Rəşt-Astara sahəsinin yaradılması üzrə işlər görülür: "Azərbaycan dəmiryol magistralının bütün hissəsinin tikintisi işlərini tezliklə yekunlaşdırmaq niyyətindədir ki, bu da qısa müddət ərzində həyata keçiriləcək. Bu, Şimal-Cənub dəhlizinin vacib halqası olacaq".
Onun sözlərinə görə, avtomobil yolları sahəsində əməkdaşlıq üzrə razılaşmalar əldə edilib. Hazırda Bakıdan Astarayadək avtomobil magistralının tikintisi aparılır. Bununla əlaqədar hökumət bütün zəruri tədbirləri görüb, maliyyələşdirmə mənbələri müəyyənləşib və qısa müddət ərzində bu magistral da istismara veriləcək.
Bundan əlavə, hər iki ölkə meliorasiya və energetika sahəsində əməkdaşlıq məsələləri üzrə saziş əldə ediblər. Söhbət Ordubad və Marazad su qovşağının tikintisindən, həmçinin su elektrik stansiyalarından gedir.
Ş.Mustafyev deyib ki, bu layihə çərçivəsində əməkdaşlıq haqqında saziş artıq imzalanıb və İran onun parlamentdə ratifikasiyası üzrə işlərin sürətlənməsinə hazır olduğunu ifadə edib.
Həmçinin, Xudafərin və Qız qalası su qovşaqlarının tikintisi layihəsi üzrə razılışmalar əldə olunub. Nazirin sözlərinə əsasən, bu, çox vacib layihədir. Bununla bağlı sənədin imzalanması üçün işlərin sürətləndirilməsi məqsədilə qərar qəbul olunub.